Print 

Mayın 6-da Azərbaycan Dövlət Pedaqoji universitetinin (ADPU) Şəki filialında Şəki Şəhər İcra Hakimiyyəti və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsində davamlı inkişaf konsepsiyası” mövzusunda elmi konfrans keçirilib.
Konfransdan öncə iştirakçılar filialın foyesində təşkil olunmuş Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid sərgi ilə tanış olublar.
Konfransı giriş sözü ilə filialın direktoru dosent Vurğun Məmmədov açaraq konfrans iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dos.Vurğun Məmmədov Heydər Əliyevin mənalı və nəsillərə örnək olan həyat yolundan bəhs edib, onun tərcümeyi-halının ən mühüm məqamlarını xatırladıb.
Konfransda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı “Bizi güclü edən Lider”, filialın elmi işlər üzrə direktor müavini dos.Nuralı Çələbiyev “Milli müstəqillik Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin prioriteti kimi”, Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva “Heydər Əliyevin ideyalarının Azərbaycan ədəbiyyatında milli özünüdərk prosesinə təsiri” və Tələbə Gənclər Təşkilatının sədri, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Xədicə Abdurahmanlı “Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və milli dövlət modelinin formalaşması” mövzularında məruzələrlə çıxışlar ediblər.
Konfransın sonunda təşkil olunmuş bədii hissədə filialın tələbələri və Şəki Şəhər 3 nömrəli musiqi məktəbinin şagirdləri Ulu Öndərə aid mahnı və şeirlər ifa edib, rəqs nümunələri göstəriblər. Musiqi məktəbinin şagirdləri filialın direktoru tərəfindən Fəxri Fərmanlarla təltif ediliblər.