Sentyabr 15-də respublikanın digər ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında da ilk dərs günü olub.Filialın professor-müəllim heyəti və tələbələri saliqəli auditoriyalarda dərsə başlayıblar.
Qeyd edək ki, 2023-2024-cü tədris ili üçün filiala 10 ixtisas üzrə 295 nəfər tələbə qəbul olunub. Ənənəyə sadiq qalaraq, filial rəhbərliyi yeni qəbul olunan tələbələrlə görüş keçirib. Görüşü filialın direktoru açaraq, yeni qəbul olunan birinci tədris ili tələbələrini təbrik edib, onların çox məsuliyyətli bir yola qədəm qoymalarını nəzərə çatdıraraq, təhsil sahəsində ölkəmizdə həyata keçirilən islahatlar və dövlət proqramları haqqında danışıb, təhsilimizin gələcək inkişafında onların üzərinə düşən vəzifələrdən bəhs edib. Sonra filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru,  professor Firədun İbrahimov, elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev, Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva, Dillər kafedrasının müdiri, baş müəllim Əsmayə Əkbərova, filialın Həmkarlar Təşkilatının sədri, Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov çıxış edərək gəncləri təbrik edib, təhsil prosesində uğurlar arzulayıblar.Qeyd edək ki, filiala yeni qəbul olunan tələbələrdən üç nəfəri 500-dən çox bal toplayıb. Sonda onlara və müxtəlif ixtisaslara ən yüksək balla qəbul olunan tələbələrə Fəxri Fərmanlar təqdim olunub. Görüş başa çatdıqdan sonra fakültə dekanlıqları tərəfindən yeni qəbul olunmuş tələbələrə filial haqqında təqdimat təşkil edilib.