11 dekabr 2023-cü il tarixdə ADPU-nun Şəki filialının növbəti Elmi Şura iclası keçirilmişdir. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 21 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak etmişlər.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru dosent R.A. Rasulov öncə Elmi Şura üzvlərinə və filial əməkdaşlarına ADPU-nun baş Elmi Şurasının qərarlarından irəli gələn vəzifələr və 2024-cü ildə filialda İbtidai siniflər üzrə həyata keçiriləcək Proqram Akkreditasiyasına hazırlığın gedişi vəziyyəti ilə bağlı məlumat verdikdən sonra Elmi Şuranın gündəliyi ilə iştirakçıları tanış etmişdir.
Elmi Şura gündəlikdə duran dörd əsas və cari məsələləri müzakirə etmişdir. “2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın gedişi vəziyyəti qarşıda duran vəzifələr haqqında” adlı birinci məsələ ilə bağlı filialın tədris işləri üzrə d/m əvəzi N.Z. Nəsrullayeva məlumat vermişdir. O qeyd etmişdir ki, imtahanların təşkilinə hazırlıqla bağlı bütün işlər filialın fakültə və kafedraları tərəfindən həyata keçirilmişdir.
Gündəlikdə duran “2023-cü təqvim ili üçün filialın kafedraları üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti haqqında” adlı ikinci məsələ ilə bağlı filialın elmi işlər üzrə direktor müavini, dosent N.Z. Çələbiyev məlumat verərək bildirmişdir ki, 2023-cü təqvim ili üçün filialın kafedraları üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi başa çatdırılmış, bu barədə ADPU-ya təqdim etmək üçün geniş hesabat tərtib edilmişdir.
Elmi Şuranın müzakirə etdiyi üçüncü məsələ “Filialın “Dillər və onların tədrisi texnologiyası” kafedrasında tədris prosesinə və elmi-tədqiqat işlərinə rəhbərliyin təşkili vəziyyəti” ilə bağlı olmuş, bu məsələ ilə bağlı Elmi Şuraya məlumatı kafedra müdiri, b/m. Ə.B.Əkbərova çatdırmışdır. Kafedra müdirinin məlumatında bildirilmişdir ki, kafedrada fənlərin tədrisinin keyfiyyəti təqdirəlayiq olmuş, kafedra əməkdaşları yerli və xarici elmi dövri nəşrlərdə məqalələr dərc etdirərək filialın elmi - tədqiqat üzrə fəaliyyətində fəal iştirak etmişlər.
Elmi Şuraya müzakirəyə çıxarılmış dördüncü məsələ filialın “Karyera Mərkəzinin fəaliyyəti haqqında” olmuş, Mərkəzinin müdiri X.İ.Həmidova görülmüş işlər və keçirilmiş tədbirlərlə bağlı Şura üzvlərinə geniş məlumat vermişdir.
Elmi Şuranın müzakirəyə çıxardığı beşinci ciddi məsələ “Filialda tədris olunan fənlər üzrə proqram və elmi-metodik təminatın vəziyyəti haqqında” olmuş bu məsələ ilə bağlı filialın tədris üşləri üzrə direktor müavini vəzifəsini müvəqqəti icra edən baş müəllim .N.Z. Nəsrullayeva, filialın “Tədrisin idarə olunması şöbəsi”nin müdiri baş müəllim Y.A. Rəhimova və filialın kafedra müdirləri məlumat vermişlər. Çıxışlarda fənlərin tədrisində proqram təminatı məsələləri, bu sahədə mövcud olan uğur və çatışmazlıqlar diqqətə çatdırılmış, qaldırılan problemlər ciddi müzakirəyə səbəb olmuş, müzakirələrdə prof. F.N. İbrahimov, dos. N.Z. Çələbiyev, dos. S. R. Bədiyev, dos. U. B. Mürşüdova, filol.ü.f.d. X.F. Abdullayeva, baş müəllim S.T. Feyzullayeva, baş müəllim M.Kərimova iştirak etmişlər.
Elmi Şura həmçinin gündəlikdə duran cari məsələləri də müzakirəyə çıxararaq filialın əməkdaşları tərəfindən hazırlanmış fənn proqramlarını da məzmun və metodik xüsusiyyətlərinə görə müzakirə edərək nəşr olunmasına razılıq verilməsi üçün ADPU-nun Tədris-Metodik Şurasına göndərilmsini tövsiyə etmişdir.
Elmi Şuranın cari məsələ kimi müzakirəyə çıxartdığı mühüm məsələlərdən biri filialın “Humanitar fənlər” kafedrasının baş müəllimi, tibb elmləri doktoru Tofiq Vahid oğlu Mehdiyevin həmin kafedrada vakant yerə docent vəzifəsinə seçkinin keçirilməsi məsələsi olmuş, gizli səsvermənin nəticələrinə görə tibb elmləri doktoru Tofiq Vahid oğlu Mehdiyevin həmin kafedrada vakant docent vəzifəsinə seçilməsi məqsədəuyğun hesab edilmiş, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qalırması üçün sənədlərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Katibliyinə təqdim edilməsi tövsiyə olunmuşdur.