Print 

Avqustun 24-də Şəkidə - Heydər Əliyev Mərkəzində  “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda maarifləndirici tədbir keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov açaraq, ümummilli lider Heydər Əliyevin anadan olmasının yüz illiyi münasibətilə Şəkidə silsilə tədbirlərin: konfrans, disput, dəyirmi masa, bilik və idman yarışlarının keçirildiyini vurğulayıb, ulu öndərin müstəqil dövlətimizin qurulması, Azərbaycan dilinin inkisafi ilə bağlı həyata keçirdiyi möhtəşəm işlərdən bəhs edib. Sonra ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru dosent Gülarə Abdullayeva “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda geniş məruzə ilə çıxış edib. Natiq bildirib ki, hazırda Azərbaycan dili sabit fonemlər sistemi, zəngin söz ehtiyatı və təkmilləşmiş qrammatik quruluşa malik olmaqla, dünyanın inkişaf etmiş dillərindən birinə cevrilib. Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yoluna nəzər salan natiq dilimizin dövlət dili statusu qazanmasında, hazırkı səviyyəyə çatmasında və beynəlxalq münasibətlər sisteminə yol almasından ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri barədə əhatəli məlumat verib. Məruzədə ulu öndər Heydər Əliyevin bir natiq kimi nitqini şərtləndirən əsas xüsusiyyətlərdən bəhs olunub, Azərbaycan dilinin tətbiqi işinin təkmilləsdirilməsi, saflığının qorunması, Azərbaycanda dilçilik elminin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs olunub və bildirilib ki, hazırda dövlət başçımız cənab İlham Əliyev tərəfindən bu istiqamətdə işlər məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı, tətbiqi isinin daha da təkmilləşdirilməsi, saflığının qorunması, ondan zamanın tələblərinə uyğun istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamların dilimizə dövlət qayğısının parlaq təzahürü olduğu vurğulanıb. Sonra məruzə ətrafinda müzakirə aparılıb. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkisafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən bəhs edib və milli-mənəvi sərvətimiz olan Azərbaycan dilini qorumağın, ondan istifadəni ən yüksək səviyyədə təmin etməyin cəmiyyətin hər bir üzvünün mənəvi borcu olduğunu vurğulayıblar. Tədbirin sonunda ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi müdrik fikirlər səsləndirilib.