Print 

Şəki şəhərində Heydər Əliyev Mərkəzində Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirilib.Konfrans Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Konfranda şəhər ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bir qrup əməkdaşı iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra isə konfransa həsr olunmuş kitab sərgisi ilə tanış olublar. Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü və bərpası uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi sükutla yad edilib.
Konfransda əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevin məruzələri dinlənilib, sonra isə Respublika Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Yeni Azərbaycan Partiyası Şəki Rayon Təşkilatının sədr müavini Ziya Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazisi Kamran Məmmədov və başqaları çıxış ediblər.