Print 

ADPU-nun Şəki filialında 27 sentyabr Anım Günü müəllim və tələbələrin iştirakı ilə qeyd olunub. Əvvəlcə Vətən yolunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi sükutla yad edilib. Tədbiri giriş sözü ilə Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva açaraq, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs edib. Tədbirdə Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, Humanitar fənlər kafedrasının baş müəllimləri Tahir Məhərrəmov, Həbibullah Manaflı, Mirvari Eminova çıxış edərək möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü düzgün siyasət, Azərbaycan oğullarının torpaqlarımızın işğaldan azad edilməsi yolunda göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi və haqq savaşında qələbə qazanan dövlətimizin həyata keçirdiyi işlər  haqda danışıblar.