Print 

Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında maarifləndirmə tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd ali məktəb tələbələri arasında təşkil olunacaq “Statistik olimpiada” ilə bağlı ətraflı məlumat vermək və izahat işləri aparmaq olub. Tədbirdə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova-Süleymanova, müəllimlər və filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, keçiriləcək “Statistik olimpiada” haqqınfa danışıb və bildirib ki, olimpiadanın keçirilməsində əsas məqsəd ali məktəb tələbələrinin statistikaya marağını artırmaq, statistik biliklərə malik istedadlı tələbələri aşkar etmək, onları həvəsləndirmək və intellektual inkişaflarına təkan vermək, statistik kadr hazırlığı potensialını gücləndirmək, statistik savadlılığı dərinləşdirmək, cəmiyyətdə Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə, onun milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası ilə bağlı roluna, ümumilikdə statistika sisteminin inkişafına verdiyi töhfələrə dair məlumatlılığın daha da artırılmasıdır. Bildirilib ki, olimpiada təhsilalanların statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatlar əldə etmələrinə, onların dünyagörüşlərinin, qərar qəbuletmədə statistikadan istifadə bacarıqlarının artmasına müsbət təsir göstərəcək, eyni zamanda tələbələrin təhsil dövründə qazandıqları statistik bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yeni platforma rolunu oynayacaqdır. X.Həmidova tələbələri olimpiadanın keçirilməsi qaydaları ilə tanış edib və bildirilib ki, olimpiada üç mərhələdə təşkil olunacaq. Birinci mərhələdə elektron informasiya sistemində qeydiyyatdan keçmiş tələbələr arasında test sualları əsasında onlayn formatda müsabiqənin təşkil olunması və hər bir ali məktəb üzrə ən yüksək nəticə göstərmiş 3 nəfər tələbənin seçilməsi nəzərdə tutulur. İkinci mərhələdə birinci mərhələdən müvəffəqiyyətlə keçmiş tələbələr arasında test sualları əsasında onlayn formatda növbəti müsabiqə təşkil olunacaq və ölkə üzrə ən yüksək nəticə göstərmiş 10 nəfər tələbə seçiləcək. Üçüncü mərhələdə (finalda) ölkə üzrə seçilmiş 10 nəfər tələbə arasında test sualları əsasında Dövlət Statistika Komitəsinin inzibati binasında müsabiqə təşkil olunacaq və onların arasından ən yüksək nəticə göstərmiş 3 nəfər seçiləcək. Final mərhələsində ən yüksək nəticə göstərmiş tələbələr arasında 1-3-cü yerlər onların göstərdikləri nəticəyə uyğun müəyyən ediləcək.
Tədbirdə tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova-Süleymanova olimpiadanın əhatə edəcəyi mövzular üzrə test tapşırıqları haqda təqdimatla çıxış edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, olimpiada ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, ümumi dünyagörüşü, sadə statistik hesablamalar (orta kəmiyyət, mütləq kəmiyyət və s.), geniş yayılmış statistik göstəricilər üzrə hesablama qaydaları, ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə əsas makro göstəricilər, demoqrafiya və sosial statistika, iqtisadi statistika, ətraf mühit statistikası və çoxsahəli statistika, məlumatların toplanması, işlənməsi, yayılması və təhlili mövzularını əhatə edəcək.