Print 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev ili" elan etməsi haqqında Sərəncamına əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif rayonlarının Heydər Əliyev Mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda seminarları davam edir. Seminarların keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır. İyun ayından başlayan və noyabr ayınadək davam edəcək, ölkənin 10 rayonunda keçirilməsi planlaşdırılan layihə çərçivəsində növbəti seminar oktyabrın 13-də Şəkidə keçirilib.
Seminarda şəhər ziyalıları, müəssisə-təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müəllim və tələbələri iştirak ediblər. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Elnur Qasımov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov çıxış ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda multikultural cəmiyyətin qurulmasinda göstərdiyi misilsiz tarixi xidmətlərdən bəhs edib, Prezident İlham Əliyev tərəfindən bu sahədə fəaliyyətin uğurla davam etdirildiyini vurğulayıblar. Çıxışlar başa çatdıqdan sonra "Heydər Əliyev və multikulturalizm" sənədli filmi nümayiş etdirilib.