Print 

Oktyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və GPB-nin üzvləri iştirak ediblər. “Uşaq tərbiyəsində doğru bilinən yanlışlar” mövzusuna həsr olunmuş elmi seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbələri Ayşən Məmmədəliyeva və Nərmin Ramazanovanın təqdimatında uşaqların tərbiyəsində ailədaxili münasibətlərin rolu, emosional bağlılıq, cinsi tərbiyədə diqqət edilməli əsas məqamlar və tərbiyədə nəzərə alınan digər amillər haqqında ətraflı məlumat verilib. Məlumatlar nümunələrlə, elmi faktlarla əsaslandırılıb. Mövzu maraqlı fikir mübadiləsinə səbəb olub. Sonda GPB rəhbəri baş müəllim Kəmalə Ramazanova tələbələrə elmi seminarın təşkilinə və maraqlı təqdimatlara görə öz minnətdarlığını bildirib.