Print 

Noyabrın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) birgə təşkil etdiyi “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib. ADPU-nun Şəki filialının akt zalında keçirilən tədbirdə filialın rəhbərliyi, professor-müəllim, işçi heyəti, AMEA-nın Şəki REM-nin rəhbərliyi və kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə ADPU-nun Şəki filialının direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov açaraq, Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, qazanılan böyük qələbənin tarixi köklərindən bəhs edib və bildirib ki, bu zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və möhtərəm prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, işğalda olan torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AMEA-nın Şəki REM-nin direktoru fiz.ü.f.d., dosent Yusif Şükürlü diqqəti böyük zəfərə gedən yola yönəldərək, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən və prezident İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işlərdən bəhs edib.
Sonra məruzələr dinlənilib. ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, ped.ü.e.d., professor Firədun İbrahimov “Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsidir”, AMEA-nın Şəki REM-nin Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov “Ata vəsiyyəti və inamlı zəfər”,
ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova “İşğaldan azad olunmuş ərazilərdə quruculuq: nəhəng infrastruktur layihələrin reallaşdırılması”, AMEA-nın Şəki REM-nin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov “Zəfər Günü bədii ədəbiyyatda” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra məruzələr ətrafinda çıxışlar dinlənilib. Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri çıxış edərək, öz fikir və təəssüratlarını iştirakçilarla bölüşüblər.
Tədbir ADPU-nun Səki filialının direktoru dosent Rafiq Rasulovun yekun sözü ilə başa çatıb.