Print 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialında “Karyeramızı necə qurmalı?” mövzusunda maarifləndirici tədbirlərə start verilib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər buraxılış kurslarının tələbələri üçün nəzərdə tutulub. Dekabrın 6-dan bu tədbirlərin təşkilinə başlanıb. Filialın Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” və “İbtidai sinif müəllimliyi” ixtisasının tələbələri ilə keçirilən bugünkü tədbirlərdə Karyera mərkəzinin müdiri Xuraman Həmidova, mərkəzin əməkdaşları və tütorlar iştirak ediblər. Xuraman Həmidova əvvəlcə mərkəzin fəaliyyəti haqqında danışıb, sonra isə tələbələrə gələcək təhsil və iş fəaliyyətində diqqət yetirilməli əsas məqamlar haqqında lazımi tövsiyələr verib və uğurlu karyera qurmaq üçün diqqət yetirilməli məsələləri açıqlayıb.
Tədbirdə tələbələri bu mövzu ilə bağlı maraqlandıran suallar cavablandırılıb. Növbəti günlərdə filialın Pedaqoji fakültəsinin digər ixtisaslarının və Filologiya fakültəsinin buraxılış kurslarının tələbələri ilə də bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, filialın səkkiz ixtisas üzrə 200-dən çox məzunu cari tədris ilində təhsilini başa vuracaq.