Print 

Dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" və "Nəqliyyat vasitələrinin yetkinlik yaşına çatmayan, sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi hallarının yol verilməzliyi" mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, tədbirin keçirilməsində əsas məqsədin, yeniyetmələrin və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi olduğunu bildirib.
Sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev mövzularla bağlı geniş məruzə edərək bildirib ki, respublika ərazisində yol-nəqliyyat hadisələri təhlil olunduqda 17-29 yaş qrupuna daxil olan gənclərin də hadisə qurbanları içərisində tutumu yüksəkdir. Hər bir gəncin öz bilik və bacarıqlarını formalaşdırmağı ilə yanaşı, nizam-intizamlı olması, xüsusən də həyati əhəmiyyəti yüksək olan yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir.
Dünya statistikası barədə də məlumat verən polis baş leytenantı Tural Niftalıyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1.3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. ÜST-ün məlumatlarına görə, dünyada qeydə alınan qəza qurbanlarının yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilərdir. Dünyada 16-29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur. Bu səbəbdən də, yeniyetmələrin və gənclərin maarifləndirilməsi istiqamətində Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktik tədbirlər intensivləşdirilib.
Natiq onu da xüsusi vurğulayıb ki, Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktik tədbirlər müsbət nəticə verib. 2023-cü ildə bugünədək olan dövr ərzində xidməti ərazidə piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Tədbir diskussiya şəklində maraqlı və yadda qalan keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova
belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tələbələri maarifləndirdiyinə görə polis baş leytenantı Tural Niftalıyevə filialın rəhbərliyi və kollektivi adından minnətdarlığını bildirib.