Print 

Dekabrın 11-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti aparatı, müxtəlif qurumların rəhbərləri, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının rəhbərliyi və bir qrup əməkdaşı iştirak ediblər
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycanın ən yeni tarixinin, qazanılmış möhtəşəm uğurların Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müasir iqtisadiyyatın əsaslarının yaradıldığını, əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd olunub ki, xarici siyasət sahəsində böyük dönüşün yaranması, 1994-cü ildə atəşkəsin əldə olunması, milli ordunun yaradılması istiqamətində atılan addımlar, “Əsrin müqaviləsi” adlanan neft kontraktlarının imzalanması, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında vacib rolu olan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, 30-cu ildönümünü qeyd etdiyimiz müstəqil Azərbaycan Konstitusiyasının qəbulu bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindəndir. Qeyd olunub ki, xalqa və dövlətə hər zaman layiqli xidmət edən Ulu Öndər böyük ehtiramla xatırlanır.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Azərbaycan tarixinin son dərəcə ağır bir dövründə ziyalıların ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevə müraciət etməsindən, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyatın yaradılması istiqamətində uğurla fəaliyyət göstərməsindən, Ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik yoluna qədəm qoymasından, müstəqilliyin möhkəmləndirilməsindən danışıb.
ADPU-nun Şəki filialının Ümumelmi fənlər kafedrasının müəllimi Nərgiz Heydərova çıxış edərək Ümummilli Liderin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, bildirib ki, Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan təhsil sisteminin həm tarixi inkişafını, həm də müasir modernləşmə prosesini müəyyən edən əsas amil olub. Onun siyasi irsində təhsil hər zaman milli inkişafın əsas şərti kimi dəyərləndirilib. Qeyd edilib ki, ölkəmizdə təhsilin inkişafına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Bu siyasət nəticəsində təhsil sistemi daha keyfiyyətli, rəqabətqabiliyyətli və gələcək tələblərə uyğun şəkildə inkişaf etməkdədir.
Sonda Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş Ulu Öndərimizin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filmi nümayiş olunub.