Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, sentyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “100 illik yubileyi münasibətilə Bəxtiyar Vahabzadənin dostlarının görüşü " adlı tədbir keçirilib. Türk Dövlətləri Parlament Assambleyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Xəyalə Töhrablı, ADPU-nun Şəki filialının rəhbərliyi, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Türkiyə Böyük Millət Məclisinin üzvləri, millət vəkilləri Cavanşir Feyziyev, Əli Məsimli, Vüqar İsgəndərov, şairin ailə üzvləri, filialın professor-müəllim heyəti, tanınmış ziyalılar və tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş təhlil edilib, şairlə bağlı xatirələr səsləndirilib.