2024-cü il aprel ayının 17-də ADPU-nun Şəki filialında “Yaşıl dünya naminə həmrəylik” adlı elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü açan filialın direktoru dos.Vurğun Məmmədov çağdaş dünyanın müasir ekoloji problemləri, onların bəşəriyyətə törətdiyi təhlükələr, bu təhlükələri önləmək üçün dünya miqyasında görülən işlər barədə ətraflı məlumat verib. Dosent Vurğun Məmmədov ölkə başçısı Möhtərəm cənab Prezident İlham Əliyevin ekoloji problemlərin həllinə beynəlxalq müstəvidə yeni yanaşma ortaya qoyduğunu vurğulayaraq, bunu bu gün dünyada nümunəyə çevrilmiş multikulturalizmin Azərbaycan modeli, “Qoşulmama hərəkatı”nda ölkəmizin öncül mövqeyi ilə bir sırada durduğunu qeyd edib, bunu gələcəkdə ekoloji həllərin Azərbaycan nümunəsi adlandırıla biləcəyini bildirib. O, cari ilin noyabr ayında keçirilməsi planlaşdırılan “COP-29” tədbirinin ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması baxımdan müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, bu tədbir çərçivəsində alınacaq qərarların bütün dünyanın qarşıdakı illərdə ekoloji problemlərin həllinə ortaq yanaşmasının əsas norma və prinsiplərini təşkil edəcəyindən əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra konfransın gedişində filialın elmi işlər üzrə direktor müavini dos.Nuralı Çələbiyev, Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Səadət Feyzullayeva və müxtəlif ixtisasları təmsil edən tələbələr məruzə və təqdimatlarla çıxış ediblər.
Konfransdan sonra filialın həyətində müəllim və tələbələrin iştirakı ilə həmişəyaşıl sərv ağacları əkilib.