Print 

19 yanvar 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 20 yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “Milli birlik və vətənpərvərlik simvolu” adlı anım tədbiri keçirilib. Tədbirdə filialın kollektivi iştirak edib. Faciə qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Vurğun Məmmədov qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 yanvar faciəsi çağdaş tariximizin qəhrəmanlıq və qürur səhifəsi, həmçinin xalqımıza qarşı sovet imperiya rejimi tərəfindən törədilmiş ağır hərbi-siyasi cinayətdir. Çoxsaylı insan tələfatına səbəb olmuş bu cinayət sovet imperiyasının çöküsünə gətirib çıxarmaqla yanaşı, həm də bütün keçmiş sovet respublikaların da suverenliyinə yol açıb.
Milli məfkurənin, istiqlal ideyalarının gerçəkləşməsində müstəsna rol oynamış 20 yanvar qətl-qiyamı sovet imperiyasının milli və dini ayrıseçkiliyinə qarşı xalqın qəzəb və nifrətinin alovlandığı gün kimi tarixə düşüb.
20 yanvar faciəsini törədənlərin ifşa olunmasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynamış, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, cəsarətli və ifşaedici bəyənat verib, respublikaya ikinci dəfə rəhbərliyə gəldikdən sonra isə 29 mart 1994-cü il tarixdə perlamentdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarın qəbul edilməsinə nail olub, “20 yanvar Şəhidi” fəxri adını təsis edib.
Anım tədbirində filialın kafedra müdiri, professor Firədun İbrahimov və Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov “Sovet imperiyasıınn çöküsünə aparan milli faciə” və “20 yanvar milli məfkurə və müstəqillik yolunda dönüş anıdır” mövzularında çıxış ediblər.