- Details
- Dərc edilib: 24 Noyabr 2025
- Oxunma sayı: 39
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetə və onun filiallarına ən yüksək balla qəbul olunan tələbələrə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birdəfəlik xüsusi təqdaüdləri təqdim olunub.
Təqdimat mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Quba filialının direktoru professor Yusif Alıyev, Şəki filialının direktoru dosent Vurğun Məmmədov, Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, Ağcabədi filialının direktoru dosent Mobil Məcidov, Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı, Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.ü.f.d. Rəşad Sadıqov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, ADPU-nun THİK-nin sədri Cəmilə Qurbanova və cari tədris ilində ADPU-nun bakalavriat və magistratura səviyyələrinə, eləcə də filiallarına ən yüksək nəticə ilə qəbul olunmuş tələbələr iştirak ediblər.
Görüşdə tələbələr gələcək planları, təhsil istiqamətləri və hədəfləri barədə fikirlərini bölüşüb, müəllimliyin onlar üçün cəmiyyətə fayda vermək missiyası olduğunu vurğulayıblar.
Sonda tələbələrə müvafiq təqaüdlər və sertifikatlar təqdim olunub.
Təltif olunanlar arasında ADPU-nun Şəki filialının Filologiya fakültəsinin l tədris ili tələbəsi Aytac Abdullayeva da olub. A.Abdullayeva 2025-2026-cı tədris ilində filiala qəbul olunan tələbələr arasında ən yüksək nəticəsi ilə seçilib, 623 balla “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasına qəbul olub.
Qeyd edək ki, 2025-2026-cı tədris ilindən etibarən ADPU-nun THİK-i tərəfindən bakalavriat səviyyəsi üzrə ixtisas seçimində birinci yerdə ADPU-nu seçməklə ən yüksək nəticə ilə qəbul olunan tələbəyə 400 AZN, ADPU-nun filialları və magistratura səviyyəsinə ən yüksək balla qəbul olunan tələbəyə 500 AZN məbləğində birdəfəlik xüsusi təqaüd verilir.













