Sentyabrın 25-də 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəki şəhərində ağacəkmə aksiyası keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısındakı yaşıllıq ərazidə təşkil olunan aksiyada Şəki Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, müxtəlif müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Aksiyada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru, dosent Vurğun Məmmədov və filialın əməkdaşları da fəal iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların müqəddəs irsinə ehtiram nümayiş etdirmək, eyni zamanda ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına ictimai diqqəti gücləndirmək olub.
Aksiya çərçivəsində ərazidə 100-dən çox ağac əkilib, yeni salınan yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyası iştirakçılar arasında həmrəylik və birlik nümayiş etdirməklə yanaşı, gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına töhfə verib.