- Details
- Dərc edilib: 29 Oktyabr 2025
- Oxunma sayı: 205
Şəki Məhkəmə Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Açıq qapı günləri” keçirilib. Bu münasibətlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri də tədbirdə iştirak ediblər.
Məhkəmələrin kollektivi və tələbələrin iştirakı ilə təşkil olunan görüşdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.
Tədbir zamanı Şəki Məhkəmə Kompleksində fəaliyyət göstərən məhkəmələrin sədrləri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər, elektron məhkəmə informasiya sisteminin mahiyyəti və bu sahədə məhkəmə orqanlarının qarşısında duran vəzifələr haqqında danışılıb.
Eyni zamanda, dövlətin və cəmiyyətin ictimai-siyasi həyatında gənclərin rolu, onların iştirakı ilə baş verən hüquqpozmalar və belə halların fəsadları barədə geniş müzakirələr aparılıb.
Tələbələr açıq məhkəmə iclaslarında iştirak edərək məhkəmə proseslərini izləyib, onları maraqlandıran suallara cavab alıblar. Görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.
