PROFESSOR RAMİZ YUNUS AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALINDA TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
- Details
- Dərc edilib: 11 Noyabr 2026
- Oxunma sayı: 133
Noyabrın 7-də tanınmış politoloq, Xəzər və Azərbaycan Dillər Universitetlərinin professoru Ramiz Yunus Şəki şəhərində fəaliyyət göstərən ali və orta-ixtisas təhsili müəssislərinin tələbələri ilə görüşüb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru, tarix üzrə fəlsəfə doktoru dosent Vurğun Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Sonra professor Ramiz Yunus tələbələr qarşısında “Subyekt olmaq” mövzusunda geniş mühazirə ilə çıxış edib. O, çıxışında fərdin və cəmiyyətin siyasi proseslərdəki roluna, subyekt olmağın mahiyyətinə, müasir dünyada baş verən siyasi dəyişikliklərə və bu dəyişikliklər fonunda insanın mövqeyinin müəyyənləşməsinə dair fikirlərini bölüşüb. Professor mühazirə zamanı siyasi proseslərin mahiyyətinin dərk edilməsinin, müstəqil düşüncənin və hadisələrə düzgün qiymət vermək bacarığının əhəmiyyətini vurğulayıb. O, tələbələrin siyasi biliklərinin artırılmasının, onların analitik təfəkkürünün inkişaf etdirilməsinin və ictimai-siyasi proseslərə fəal münasibətinin formalaşdırılmasının vacibliyinə diqqət çəkib.
İnteraktiv müzakirə şəraitində davam edən mühazirə iştirakçıların böyük marağına səbəb olub. Tələbələr və professor-müəllim heyətinin üzvləri mövzu ətrafında suallar ünvanlayıb, professorla fikir mübadiləsi aparıblar.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib və xatirə fotosu çəkilib.
