- Details
- Dərc edilib: 05 Dekabr 2025
- Oxunma sayı: 77
Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru dosent Vurğun Məmmədov ictimai işlərdə fəallıq göstərən, eləcə də yarış və müsabiqələrdə fərqlənən tələbələrlə görüşüb. Görüşdə direktorun müşaviri r.e.d., dos. Rafiq Rasulov, elmi işlər üzrə direktor müavini dos.Nuralı Çələbiyev, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, dekan müavinləri baş müəllim Mehriban Kərimova, baş müəllim Pakizə Əliyeva, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri baş müəllim Günel Əliyeva və tələbələr iştirak ediblər. Direktor dos. Vurğun Məmmədov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb və dövlətimizin gənclərə böyük inam bəslədiyini vurğulayıb. Filial tələbələrinin ictimai işlərdə göstərdikləri fəallıqlarından bəhs edən natiq təşkil olunan tədbirlərin asudə vaxtın səmərəli təşkili, milli mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra ictimai işlərdə fəallığı ilə seçilən, Zəfər Gününün beşinci ildönümü münasibətilə keçirilmiş silsilə tədbirlərdə fəallıq göstərən tələbələrə fəxri fərmanlar, qələbənin beşinci ildönümü münasibətilə keçirilən esse və rəsm müsabiqəsinin qaliblərinə l, ll, lll dərəcəli diplomlar təqdim olunub.
Görüşdə filialda tədbirlərin təşkilinə göstərdikləri dəstəyə görə THİK-in sədri baş müəllim Günel Əliyeva və Tələbə Gənclər Təşkilatının sədri Xədicə Abdurahmanlı Təşəkkürnamə ilə təltif olunublar.
Görüşün sonunda Karyera mərkəzinin müdiri Xuraman Həmidova tələbələrin əməyinə göstərdiyi diqqət və qayğıya görə filial rəhbərliyinə təşəkkür edib.
Direktor tələbələrə xüsusi təşəkkürünü bildirib və ictimai işlərdə bu cür fəallığın onların gələcək karyera həyatında önəmli rol oynadığını vurğulayıb













