AZƏRBAYCAN İNAMLA İRƏLİLƏYİR

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasından sonrakı dövrdə dövlət quruculuğunun əsas prioritet istiqamətləri kimi milli qanunvericiliyin formalaşması və dövlət institutlarının yaradılması ilə fəaliyyətinin səmərəliliyinin artırılması, ordu quruculuğu, vətəndaşayönəlik sosial siyasətin müəyyənləşdirilməsi və nəhayət, iqtisadi tərəqqiyə nail olmaqdan ötrü proqram xarakterli çoxsaylı layihələrin icrası seçilmişdir. Dövlətimizin iqtisadi siyasətinin əsas hədəflərindən biri də yerləşdiyi əlverişli coğrafi mövqedən yararlanmaqla, ölkəmizin böyük bir nəqliyyat-kommunikasiya habına çevrilməsinə nail olmaqdan ibarət idi. Bu məqsədlə uzun illər ərzində istər dəmiryol, istər avtomobil, istərsə də, hava və dəniz nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində xeyli irihəcmli layihələr həyata keçirilmişdir. Həmin layihələrin icrası nəticəsində əldə olunan gəlirlərin miqdarı hər il dövlət büdcəsinin mədaxil hissəsində əksini tapmaqdadır. Nəqliyyat-kommunikasiya xətlərinin uğurlu diversifikasiyası öz müsbət iqtisadi nəticələri ilə yanaşı, ölkəmizin siyasi nüfuzunu artırmaqla onun proseslərə təsir imkanlarını genişləndirmişdir. Bunun bariz nümunələrini hazırda davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslərdə də görmək mümkündür. Bu gün dünyada, xüsusən də Şərqi Avropada cərəyan edən gərgin və ziddiyyətli geosiyasi proseslər kontekstində Mərkəzi və Orta Asiyadan dünyanın digər ölkələrinə daşımalarda ölkəmizin əhəmiyyəti xeyli dərəcədə artmışdır. Məhz öncədən uğurlu şəkildə proqnozlaşdırma nəticəsində ölkəmizin nəqliyyat infrastrukturu bu vəziyyətə hazırlanmış, iritutumlu daşımaları həyata keçirməyə imkan verən dəniz limanı, yük gəmi və bərələri, geniş zolaqlı beynəlxalq avtomobil yolları, dəmiryol infrastrukturu yenilənmiş və imkanları artırılmışdır. Bu mənada Bakı Dəniz Limanının yükaşırma imkanlarının genişləndirilməsi istiqamətində görülmüş işlər xüsusilə qeyd edilməlidir. Dəniz nəqliyyatımızın infrastruktur potensialı hazırkı həcmlərdən azı bir dəfə yarım həcmədək daha çox yükötürməyə imkan verir. Dəmiryol nəqliyyatında son illər ərzində irihəcmli yerli və beynəlxalq layihələr icra edilmişdir. Ölkədaxili dəmiryol şəbəkəsi yenilənmiş, bu da nəticə etibarilə daşımaların həcminin artırılmasına və çatdırılmasının sürətlənməsinə imkan verən səviyyəyə qaldırılmışdır. Bakı-Tbilisi-Qars kimi meqolayihənin həyata keçirilməsi nəticəsində Şərqlə Qərb arasında dəmiryol nəqliyyatında çatdırılmalarda zamanın azalması onun iqtisadi səmərəliliyinin başlıca göstəricilərindəndir və bu mənada onu gələcəyin ən perspektivli layihəsi hesab edə bilərik. Bunu hər il bu xətt üzrə daşımaların və əldə edilən gəlirlərin artımı göstərməkdədir. Dəmiryol nəqliyyatında icra olunan digər mühüm layihə Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yenilənməsi və Azərbaycan dəmiryolunun İran İslam Respublikasının dəmiryolu ilə birləşdirilməsi layihəsidir. Bu gün Azərbaycan dövləti nəinki öz ərazisində aparılan layihələri uğurla icra edir, həm də nəqliyyat infrastrukturunun formalaşmasına xidmət edən layihələrdə əsas, bəzən də yeganə donor ölkə kimi təmsil olunur. Vətən müharibəsində qələbəmizdən sonra qarşımızda duran əsas vəzifə erməni vandalları tərəfindən viran edilmiş, işğaldan azad olunan ərazilərimizin sürətlə yenidənqurulması və 30 ildir ki, məcburi köçkün kimi yaşayan həmvətənlərimizin öz dədə-baba yurdlarına qısa bir zaman ərzində qayıdışının təmin edilməsidir. Məhz bu hədəfə nail olmaqdan ötrü ən vacib məsələlərdən biri azad olmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Bu sahədə Azərbaycan dünyaya örnək ölkə hesab edilə bilər. Belə ki, həyata keçirilən layihələr ölkəmizin yalnız öz vəsaiti hesabına yüksək keyfiyyətli və ağlagəlməz sürətlə həyata keçirilir. Bu mənada Fizuli-Şuşa avtomobil yolu layihəsinin yüksək keyfiyyətlə və qısa zamanda uğurla başa çatdırılmasını xüsusilə qeyd edmək olar. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həm avtomobil, həm dəmiryol, həm də hava nəqliyyatı infrastrukturunun yenidənqurulması istiqamətində işlər analoqu olmayan sürətlə davam etdirilir. Ötən il sentyabr ayında Fizuli Beynəlxalq Hava Limanının açılması mülki aviasiyamızın tarixində mühüm hadisə hesab oluna bilər. Cari ilin oktyabr ayında işğaldan azad olunmuş Zəngilan şəhərində daha bir beynəlxalq hava limanının istifadəyə verilməsi nəzərdə tutulur, burada aparılan işlərin son mərhələsi icra edilir. Növbəti iki il ərzində işğaldan azad edilmiş Laçın rayonunda da Beynəlxalq Hava Limanı fəaliyyətə başlayacaqdır. Bununla da, coğrafi cəhətdən kiçik bir ərazidə 3 beynəlxalq hava limanının fəaliyyət göstərməsi təmin ediləcəkdir. Bu da öz növbəsində bərpa-quruculuq işlərində yükdaşımaların səmərəliliyinin artırılmasına, eyni zamanda bölgənin rekriasion potensialından daha geniş istifadə etməyə imkan yaradacaqdır. Ümumilikdə, müstəqillik illərində ölkənin hava nəqliyyatı infrastrukturu və mülki təyyarə parkı tamamilə yenilənmişdir. Bu gün Azərbaycan mülki hava nəqliyyatında fəaliyyət göstərən bütün nəqliyyat vasitələri son illərdə əldə edilmiş tam müasir və təhlükəsiz, rahat uçuşların həyata keçirilməsinə imkan verir. Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportunun, Gəncə Beynəlxalq Aeroportunun, Naxçıvan Beynəlxalq Aeroportunun infrastrukturu tamamilə yenilənmiş, əlavə olaraq, Zaqatala, Qəbələ, Lənkəran, Fizuli və Zəngilan rayonlarında yeni beynəlxalq aeroportlar inşa edilmşdir. Bu gün qarşımızda duran əsas məqsəd Zəngəzur dəhlizinin açılması və fəaliyyətə başlaması ilə əlaqədardır. Vətən Müharibəsinin nəticələrini özündə əks etdirən və Ermənistan dövləti üçün kaputilyasiya sənədi hesab olunan 10 noyabr tarixli üçtərəfli bəyannamənin Zəngəzur dəhlizi ilə bağlı müddəasının yerinə yetirilməsini təmin etmək üçün ölkəmiz tərəfindən siyasi diplomatik - hərbi vasitələrdən istifadə olunur. Bununla paralel olaraq, ölkəmizdə Zəngəzur dəhlizinin fəaliyyət göstərməsinə imkan verəcək həm dəmiryolu, həm də avtomobil yolu üzrə layihələr həyata keçirilir. Əminliklə deyə bilərik ki, qarşıdakı il yarım ərzində bu layihələr uğurla icra ediləcək və həmvətənlərimiz tarixi dədə-baba yurdumuz olan Zəngəzur üzərindən Naxçıvana və Türkiyəyə gedib-gələ biləcəklər və bununla da 102 il öncə coğrafi vahidliyi pozulmuş türk dünyasının bütünlüyü yenidən bərpa olunacaqdır. Beynəlxalq hüquq imkan verir ki, Ermənistanın Zəngəzur dəhlizindən istifadə etməyə icazə vermədiyi təqdirdə ona qarşı məcburetmə tədbirləri həyata keçirilsin. Cari ilin sentyabr ayının 12-13-də Ermənistan Silahlı Qüvvələrinin demarkasiya edilməmiş və şərti xarakter daşıyan sərhəd xəttində baş verən hadisələr Ermənistana münasibətdə sülhəməcburetmə təbdirlərinin həyata keçirilməsini aktuallaşdırır. Bu gün demarkasiya edilmiş sərhəd xəttinin olmaması Ermənistan adlandırılan ölkənin üzərinə götürdüyü öhdəliklərdən qaçmağa meylli tövrü, eyni zamanda 1991-ci ilin oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı”nda əksini tapan “Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisidir” prinsipindən çıxış etməklə, 1920-ci ildə bolşevik Ermənistanına hədiyyə edilmiş Zəngəzur bölgəsinin Azərbaycana qaytarılması istiqamətində hüquqi, siyasi, diplomatik, hərbi tədbirlərin həyata keçirilməsinə imkan verir. Bu həm də bu gün beynəlxalq təşkilatlarda və ikili münasibətlərdə Ermənistana havadarlıq edən güclərin həyata keçirdiyi siyasətə məntiqi və tutarlı cavab olmaqla, tarixi ədalətin bərpa olunması olar. Artıq bölgədə siyasi, hərbi, iqtisadi güc mərkəzi Azərbaycandır və bu, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasına imkan verəcəkdir.

 

Vüsal Baxışov,
ADPU-nun Şəki filialının
Humanitar fənlər kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru





001002003
fondeduadpubir

VKkj