- Details
- Dərc edilib: 17 Aprel 2025
- Oxunma sayı: 421
Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının İnklüziv təhsil mərkəzində pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlər üçün “İnklüziv təhsildə təhsilverənin rolu” mövzusunda maarifləndirici sessiya təşkil olunub.
Sessiyada inklüziv təhsilin mahiyyəti, məqsədləri və təhsilverənin bu prosesdəki funksiyaları müzakirə edilib. Qeyd olunub ki, inklüziv təhsildə müəllim yalnız bilik verən deyil, həm də cəmiyyətdə inklüzivlik mədəniyyətinin formalaşmasına töhfə verən əsas simalardan biridir.
Tədbir iştirakçıları inklüziv sinif mühitində əsas funksiyalar – dəstək vermək, fərqləri qəbul etmək və inteqrasiya etmək barədə həm nəzəri, həm də simulyasiya əsasında praktiki biliklər əldə ediblər. Eyni zamanda şagirdlərin fərdi ehtiyaclarının öyrənilməsi, fərdi tədris planlarının hazırlanması, komanda işi və əməkdaşlıq kimi təhsilverənin əsas vəzifələri barədə ətraflı məlumat verilib. Sessiya çərçivəsində inklüziv təhsilin beynəlxalq təcrübəsini əks etdirən videoçarxlar da nümayiş olunub. Tədbir iştirakçıların rəy və təkliflərinin toplanması və xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.