İyunun 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Dində sosial ədalət və bərabərlik prinsipi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı bərabərlik və ədalət anlayışının dini zəmində mahiyyətindən bəhs olunub. Eyni zamanda natiqlər öz çıxışlarında Azərbaycan dövlətinin dünyəvi bir dövlət olmasına baxmayaraq, islam dininin cəmiyyətimiz üçün bir ideologiya olmasını qeyd ediblər. Həmin ideologiyaya görə isə insanlar sahib olduqları dini inancdan, milli və irqi kimlikdən asılı olmayaraq, hər kəslə eyni ədalətə və bərabərlik prinsipinə sahibdirlər. Çıxışlar zamanı tolerant və multikultural bir dövlət olan Azərbaycanda bərabərlik və ədalət prinsipinin günümüzə qədər öz əhəmiyyətini qoruyub saxlamasına, digər din nümayəndələri ilə sıx dostluq əlaqələrinin qurulmasına, ibadətlərini yerinə yetirə bilməsinə münbit şərait yaradılmasının və aparılan maarifləndirmə işlərinin təsirinin böyük olması vurğulanıb.