- Details
- Dərc edilib: 27 May 2025
- Oxunma sayı: 217
Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 28 May – Müstəqillik Gününə həsr olunmuş “Milli istiqlalımızın zəfər günü” mövzusunda elmi konfrans təşkil olunub.
Tədbirdə filialın professor-müəllim heyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Səbahət Bağırova və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, 28 May – Müstəqillik Günü xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan əsl bayram günüdür. O, 1918-ci il 28 May tarixində qəbul olunmuş İstiqlal Bəyannaməsinin Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğunu vurğulayıb. Dos. N.Çələbiyev bildirib ki, cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyət dövründə dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb – parlament və hökumət formalaşdırılıb, sərhədlər müəyyənləşdirilib, bayraq, himn və gerb təsdiqlənib, ana dili dövlət dili elan olunub.
O, həmçinin 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi bu dəyərlərə sahib çıxaraq inkişaf yolunu seçdiyini bildirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, Ulu Öndər dövlətçiliyə qarşı yönəlmiş separatizm və çevriliş cəhdlərinin qarşısını alaraq ölkədə sabitlik və inkişaf üçün möhkəm təməl yaradıb. Müstəqil Azərbaycanın ilk Konstitusiyası da məhz onun rəhbərliyi dövründə qəbul edilib.
Çıxışda həmçinin vurğulanıb ki, 30 ildən artıq işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində azad olunub və bu tarixi tələbə 8 Noyabr – Zəfər Günü kimi xalqımızın yaddaşına əbədi həkk olunub.
Konfransda Humanitar fənlər kafedrasının baş müəllimləri Həbibulla Manaflı “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillər”, Mirvari Eminova “28 May – xalqımızın tarixi-mədəni yaddaşının və milli mənlik şüurunun oyanışı günü” və Tahir Məhərrəmov “Xalq Cümhuriyyəti müstəqil, hüquqi və demokratik dövlət modeli kimi” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Səbahət Bağırovanın yekun nitqi ilə başa çatıb.