- Details
- Dərc edilib: 30 May 2025
- Oxunma sayı: 242
Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Keyfiyyət komissiyasının növbəti iclası baş tutub. İclasın sədri tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda üç məsələ - filialda "Məktəbəqədər təhsil" ixtisası üzrə aparılan proqram akkreditasiyasının ilkin nəticələri, tədris-köməkçi heyətin qiymətləndirilməsi meyarları və yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyətinə dair keçirilmiş sorğunun nəticələri müzakirə olunub. Birinci məsələ ilə bağlı filialın direktoru dosent Vurğun Məmmədov çıxış edərək akkreditasiya komissiyasının sahə səfəri zamanı apardığı müşahidələrdən bəhs edib. O bildirib ki, komissiya ilkin təəssüratlarını bölüşüb və bir sıra məqamları müsbət qiymətləndirib ki, bu da sevindirici haldır.
Tədris-köməkçi heyətin qiymətləndirilməsi üçün meyarlar barədə dos. Gülarə Abdullayeva çıxış edərək bildirib ki, meyarlar beş əsas istiqamət üzrə müəyyən edilib. Qısa müddət ərzində bu meyarlar əsasında qiymətləndirmə sualları hazırlanaraq tətbiq olunacaq. Yüksək nəticə göstərən əməkdaşlar mükafatlandırılacaq. Eyni zamanda qiymətləndirmə nəticələri filialda aparılacaq optimallaşdırma prosesində nəzərə alınacaq.
Gündəlikdəki üçüncü məsələ - yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı keçirilmiş sorğunun nəticələri haqqında Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva məlumat verib. O qeyd edib ki, son tədris ili tələbələri istisna olmaqla, digər tələbələrin iştirak etdikləri sorğuda təqdim olunan suallara əksər hallarda müsbət cavablar verilib və ümumi nəticə imtahana hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu göstərir.
İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.