- Details
- Dərc edilib: 13 May 2025
- Oxunma sayı: 41
Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Psixoloji xidmət kabinetinin təşəbbüsü ilə müasir psixoloji biliklərin ictimai praktikanın və həyatın müxtəlif sahələrində tətbiqinə dair elmi seminar keçirilib. Seminarda filialın professor-müəllim heyəti, Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri iştirak ediblər. Elmi seminarda çıxış edən p.ü.f.d., dos. Nuralı Çələbiyev “İctimai həyatın və praktikanın müxtəlif sahələrində psixoloji xidmətin həyata keçirilməsinin imkan və perspektivləri” mövzusunda təqdimatla çıxış edib. O, qeyd edib ki, psixoloji xidmət işi və psixoloji yardım dünya təcrübəsində tətbiq olunan və özünü doğrultmuş bir fəaliyyət sahəsidir. Hazırda inkişaf etmiş ölkələrdə psixoloji xidmət elmi, təşkilati, tətbiqi və praktik olmaqla 4 əsas istiqaməti əhatə edir. Psixoloji xidmət idarəetmə, təhsil, səhiyyə, siyasət, liderlik, biznes, kommunikasiya, kadr xidməti, hərbi iş, sosial həyat, idman, hüquq, fövqəladə hallar və s. kimi sahələrdə tətbiq olunur.
Respublikamızda təhsil və səhiyyə sistemində psixoloji xidmət geniş tətbiq olunur. Dos.Nuralı Çələbiyev öz təqdimatında qeyd edib ki, hər bir normal insan düşdüyü situasiyadan asılı olaraq, müxtəlif psixoloji problemlərlə qarşılaşa bilər. Psixoloq belə problemlərin aradan qaldırılmasında ixtisaslı bir mütəxəssis kimi iştirak edir, müxtəlif psixoterapiya metodlarının tətbiqi vasitəsilə müraciət edən şəxsin psixoloji problemlərinin çözülməsinə, psixoloji rifahının yaxşılaşdırılmasına yardım göstərir.
Təqdimatdan sonra dos.Nuralı Çələbiyev seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.