- Details
- Dərc edilib: 15 May 2025
- Oxunma sayı: 68
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Pedaqoji fakültəsində “Tarix və coğrafiya müəllimliyi” ixtisasının tələbələrinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ölkəmizin qədim diyarlarından olan Şamaxı şəhərinə səfəri təşkil edilib. Səfərə Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev rəhbərlik edib.
Səfər çərçivəsində tələbələr Şamaxı Astrofizika Rəsədxanasında olub, burada rəsədxananın fəaliyyəti, səma cisimlərinin müşahidəsi prosesi və bu sahədə Azərbaycanda formalaşmış elmi ənənələrlə yaxından tanış olublar. Həmçinin rəsədxananın muzeyində nümayiş etdirilən eksponatlara baxış keçirilib və tələbələrdə maraq doğuran suallar ətrafında onlara əhatəli məlumat verilib.
Daha sonra səfər iştirakçıları Şamaxıda yerləşən nadir heyvanların qorunduğu süni biogeosenozu ziyarət ediblər. Tələbələr burada saxlanılan maral, ceyran, dəvəquşu, lama, alpaka, bizon və digər heyvan növlərini müşahidə edib, bələdçilərin təqdimatında bu heyvanların yaşam şəraiti, qidalanma xüsusiyyətləri, gətirildikləri regionlardan sonra Azərbaycan təbiətinə uyğunlaşmaları, ərazinin iqlimi və bitki örtüyü barədə maraqlı və faydalı məlumatlar əldə ediblər.
Maarifləndirici xarakter daşıyan bu səfər tələbələrin biliklərini genişləndirməklə yanaşı, onların təbiətə və elmi araşdırmalara olan maraqlarını daha da artırıb.