Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “SİRR Academy” Təlim Tədris Mərkəzi "Kitabla Bu Gün" adlı görüş keçirib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə “SİRR Academy” Təlim Tədris Mərkəzinin direktoru Samir Zamanov, Gəncə Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Dilşad Talıbova və müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, tədbirin keçirilməsinin məqsədi haqqında məlumat verib. Sonra SİRR Academy Təlim Tədris Mərkəzinin direktoru Samir Zamanov çıxış edərək regionda yerləşən ali, orta ixtisas və peşə təhsil müəssisələrində şəxsi inkişaf və karyera planlaması yönümlü təlimlərin, seminarların və görüşlərin keçirilməsi barədə məlumat verib. Gəncə Dövlət Universitetinin baş müəllimi, ped.ü.f.d. Dilşad Talıbova kitab oxuculuğu, kitab oxumanın faydaları, kitablarda yatan gizli mesajlar haqqında məlumat verib. Qarşılıqlı müzakirə şəklində interaktiv formatda keçirilən görüşdə Dilşad Talıbova öz kitabını aktiv iştirakçılara təqdim edib.