- Details
- Dərc edilib: 23 İyun 2025
- Oxunma sayı: 59
İyunun 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şəki filialının, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun, Mahmud Kaşğari adına Beynəlxalq fondunun birgə təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “VII Beynəlxalq Bəxtiyar Vahabzadə - türk dünyası dil, tarix, mədəniyyət və ədəbiyyat” adlı konfrans keçirilib.
Konfransın Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Naxçıvan Dövlət Universitetinin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Mingəçevir Dövlət Universitetinin, ADPU-nun Şəki filialının, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun, Mahmud Kaşğari adına Beynəlxalq fondun və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, universitetlərin professor-müəllim heyəti, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər, sonra mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Konfransın açilış mərasimində giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı çıxış edərək qonaqları salamlayıb, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçılarına təşəkkür edib və konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Mingəçevir Dövlət Universitetinin rektoru dosent Anar Eminov, Naxçıvan Dövlət Universitetinin prorektoru dosent Elsevər Əsədov, ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor Sevinc Əliyeva, ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva və digər şəxslər çıxış edərək Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından geniş söz açıblar.
Konfransda Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan film nümayiş olunub.
Açılış mərasimi Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli uşaq musiqi və uşaq incəsənət məktəblərinin hazırladığı konsert proqramı ilə başa çatıb. Konfrans öz işini ADPU-nun Şəki filialında bölmə iclaslarında davam etdirib.