- Details
- Dərc edilib: 25 Noyabr 2025
- Oxunma sayı: 273
Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının növbəti iclası keçirilib.
İclası filialın direktoru, Elmi Şuranın sədri dosent Vurğun Məmmədov açaraq, Şura üzvlərini iclasın gündəli ilə tanış edib. Gündəlik səsə qoyulub və təsdiq edilib.
Elmi Şurada “2025-ci təqvim ili üçün filialın kafedraları üzrə elmi-tədqiqat işlərinin yerinə yertirilməsi vəziyyəti haqqında” elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev hesabat verib. O qeyd edib ki, Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Məhz buna görə də elmtutumlu infrastrukturun təkmilləşdirilməsi, mütərəqqi dünya elminə inteqrasiyanın sürətləndirilməsi, ali təhsil müəssisələrində tədris prosesi ilə elmi fəaliyyətin vəhdətinin təmin edilməsi, elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, ali məktəblərin “Təhsil-tədqiqat-innovasiya” mərkəzlərinə çevrilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.
Filialda yüksək ixtisaslı kadrların hazırlanması, əldə edilmiş elmi nəticələrin tədris prosesinə tətbiq edilməsi, bakalavriat səviyyəsində təhsil alan tələbələrin elmi-nəzəri və praktik hazırlığının yüksəldilməsi, onların elmi-tədqiqat fəaliyətinə cəlb edilməsi, təhsil müəssisəsinin digər ali məktəb və elmi müəssisələrlə əməkdaşlığının artırılması və s. kimi məsələlər daim diqqət mərkəzində saxlanılır. Qeyd olunub ki, filialda müəyyənləşdirilmiş elmi istiqamətlər, problem mövzular filialın profilinə uyğunlaşdırılıb, elmi-pedaqoji kadrların, gənc mütəxəsislərin yüksək səviyyədə hazırlanması, elmi, elmi-metodiki nailiyyətlərin ümumiləşdirilməsi, yayılması, onların nəticələrinin çap etdirilməsi və tədris prosesinə tətbiq edilməsi prioritet vəzifə kimi qarşıya qoyulub.
Gündəlikdəki II məsələ - “Humanitar fənlər kafedrasında tədris prosesinə və elmi-tədqiqat işlərinə rəhbərliyin təşkili vəziyyəti haqqında” kafedra müdiri sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdusəlimli hesabatla çıxış edib. O qeyd edib ki, 2025-2026-cı tədris ilində kafedrada planlaşdırma işləri vaxtında başa çatdırılıb, kafedra iclaslarının, açıq dərslərin, elmi seminarların keçirilməsi, tədris prosesinə rəhbərlik və nəzarət diqqət mərkəzində saxlanılıb, tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi sahəsində isə işlər davam etdirilir.
Gündəlikdəki III məsələ - “Filialın Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin fəaliyyəti haqqında” şöbə müdiri Səmra Süleymanova-Rəsulova hesabat təqdim edib, şöbənin fəaliyyəti, mövcud problemlər haqqında məlumat verib.
Elmi Şura iclasında cari məsələ kimi ADPU-nun Elmi Şurasının 21 noyabr 2025-ci il tarixli iclasında müzakirə olunmuş “2024 və 2025-ci illərdə keçirilən sorğuların nəticələri barədə” Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva təqdimatla çıxış edib.
Elmi Şurada müzakirə olunan məsələlərlə bağlı təkliflər dinlənilib və müvafiq qərarlar qəbul edilib.
