- Details
- Dərc edilib: 05 Dekabr 2025
- Oxunma sayı: 77
ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin (GPB) üzvü, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbəsi Samirə Salahovanın təqdimatında “Stres və onun idarə edilməsi” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın əsas məqsədi tələbələrin psixoloji rifahını dəstəkləmək, onlara gündəlik stres mənbələrini tanıtmaq, emosional reaksiyaları anlamaq və praktik idarəetmə üsullarını öyrətmək olub.
Tədbirdə iştirakçılar stresin psixoloji və fizioloji əsasları, tələbə həyatında rast gəlinən tipik stres faktorları, həmçinin stresin davranışa və məhsuldarlığa təsiri barədə məlumatlandırılıb. Seminar interaktiv formada təşkil olunub və iştirakçıların aktiv iştirakı təmin edilib. Seminar zamanı tələbələr arasında geniş yayılmış imtahan həyəcanı, ailə və maliyyə təzyiqi, sosial adaptasiya çətinlikləri, müəllimlə anlaşılmazlıqlar, qrupdaxili münaqişələr, motivasiyanın azalması, qeyri-müəyyən gələcək planları kimi sitiasiyalar və digər gündəlik stres səbəbləri nəzərdən keçirilib, hər situasiya üzrə stres mənbələri, emosional reaksiyalar və effektiv həll yolları birlikdə təhlil olunub. Seminarın sonunda tələbələr gündəlik həyatlarında tətbiq edə biləcəkləri fərdi stres idarəetmə planı hazırlayıblar. İştirakçılar tədbirin faydalı olduğunu qeyd edərək, bu tip psixoloji maarifləndirmə proqramlarının davamlı təşkilini arzuladıqlarını bildiriblər. GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanova təqdimatçı tələbəyə təşəkkür edərək bundan sonra da tələbələrin psixoloji sağlamlığını dəstəkləyən təlim və seminarların keçirilməsinin davam etdiriləcəyini qeyd edib.













