- Details
- Dərc edilib: 10 Mart 2026
- Oxunma sayı: 175
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, “Konstitusiya və suverenlik ili” çərçivəsində elan edilmiş qrant müsabiqəsi əsasında icra olunan “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsinin növbəti mərhələsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında könüllülük mövzusuna həsr olunmuş forum təşkil edilib.
Forumun əsas məqsədi gənclərin hüquqi biliklərini artırmaqla yanaşı, onların ictimai fəallıq, könüllülük və təşəbbüskarlıq potensialını gücləndirmək, regionlar üzrə şəbəkələşməni inkişaf etdirmək və aktiv gənclər arasında davamlı əməkdaşlıq mühiti formalaşdırmaq olub.
Forum zamanı iştirakçılar könüllülüyün cəmiyyət üçün əhəmiyyəti, sosial məsuliyyət, təşəbbüskar gənclərin ictimai həyatda rolu və regional səviyyədə əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparıblar. Açıq müzakirə formatında keçirilən sessiyalarda tələbələr öz ideyalarını bölüşüb, gələcək təşəbbüslər üçün istiqamətlər müəyyənləşdirib və qarşılıqlı əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Tədbirdə ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək, gənclərin könüllülük fəaliyyətinə daha sistemli şəkildə cəlb olunmasının onların həm fərdi inkişafı, həm də cəmiyyətə faydalı vətəndaş kimi formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
MDU-nun layihələr üzrə koordinatoru Aynur Quliyeva “Qayıdışın KÖNÜLLÜ səsi”nin gənclərin ictimai məsuliyyət hissini gücləndirən, onları hüquqi maarifləndirmə və vətəndaş fəallığı istiqamətində hərəkətə gətirən təşəbbüs olduğunu vurğulayıb.
Mingəçevir STEAM Mərkəzinin koordinatoru Müşfiq Tarverdiyev forumda müasir dövrdə gənclərin təşəbbüs, əməkdaşlıq və problem həlletmə bacarıqları ilə seçilməsinin vacibliyini diqqətə çatdıraraq, könüllülük fəaliyyətinin gənclərdə həm sosial məsuliyyət, həm də liderlik keyfiyyətlərinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
MDU-nun müəllimi Nərgiz Niftəliyeva çıxışında bu tip açıq müzakirə platformalarının tələbələr üçün olduqca faydalı olduğunu bildirib. Onun sözlərinə görə, forum formatı gənclərin öz fikirlərini sərbəst ifadə etməsinə, ictimai təşəbbüslərə münasibətini formalaşdırmasına və komanda daxilində qərarvermə bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır.
Tədbirdə çıxış edən MDU-BİR Könüllü Təşkilatının sədri, layihə rəhbəri Qorxmaz Rəhimli layihənin əsas məqsəd və hədəflərindən danışaraq qeyd edib ki, forumun təşkilində əsas niyyət aktiv gənclər arasında əlaqələri gücləndirmək, könüllülük fəaliyyətinə sistemli yanaşmanı təşviq etmək və sosial təsir yaradan təşəbbüslərin formalaşmasına zəmin yaratmaqdır.
Forumun sonunda iştirakçılar könüllülüyün müasir gənclik üçün şəxsi inkişaf, sosial çevrə quruculuğu və vətəndaş mövqeyinin möhkəmlənməsi baxımından vacib sahə olduğunu vurğulayıblar. Tədbir çərçivəsində səslənən fikir və təkliflər gələcək layihələr və regionlararası əməkdaşlıq təşəbbüsləri üçün də əhəmiyyətli baza kimi qiymətləndirilib.
“Qayıdışın KÖNÜLLÜ səsi” layihəsi çərçivəsində həyata keçirilən forum gənclərin ictimai fəallığının artırılması, könüllülük mədəniyyətinin təşviqi və davamlı inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından növbəti mühüm addım olub.













