Hörmətli professor-müəllim heyəti, dəyərli əməkdaşlar, əziz tələbələr!

Azərbaycan xalqının milli azadlıq iradəsini, dövlətçilik ənənələrini və istiqlal ideallarını özündə əks etdirən 28 May – Müstəqillik Günü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətinizdə uğurlar arzulayıram.

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm mərhələ olmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət milli dövlətçilik ənənələrinin formalaşmasında, milli şüurun inkişafında və müstəqillik ideyasının yaşadılmasında əvəzsiz rol oynamışdır.

Bu gün Azərbaycan həmin tarixi idealların işığında müstəqil, qüdrətli və söz sahibi olan dövlət kimi inkişaf edir. Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəmləndirilməsində və Azərbaycanın dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi tanınmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs nəticəsində ölkəmiz sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur.

Bu gün həmin uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Prezidentimizin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, iqtisadi və siyasi baxımdan regionun aparıcı dövlətinə çevrilmişdir. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın milli həmrəyliyinin, güclü dövlətçilik ənənələrinin və Ali Baş Komandanın uzaqgörən siyasətinin bariz nümunəsidir.

Eyni zamanda qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə kollektivimizin bütün üzvlərinə ən səmimi arzularımı çatdırıram. Humanizm, mərhəmət, birlik və paylaşma dəyərlərini təcəssüm etdirən bu əziz bayramın hər bir ailəyə sevinc, ruzi-bərəkət və mənəvi rahatlıq gətirməsini arzulayıram.

Əminəm ki, filialımızın professor-müəllim heyəti və əməkdaşları milli-mənəvi dəyərlərimizə sadiq qalaraq, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, keyfiyyətli təhsilin təşkili və dövlətimizin inkişaf strategiyasına layiqli töhfələrin verilməsi istiqamətində fəaliyyətlərini bundan sonra da uğurla davam etdirəcəklər.

Bir daha hər birinizi 28 May – Müstəqillik Günü və Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, sizə yeni nailiyyətlər və firavan günlər arzulayıram.

Bayramlarınız mübarək olsun!





001002003
fondeduadpubir

VKkj