- Details
- Dərc edilib: 27 Sentyabr 2026
- Oxunma sayı: 177
27 sentyabr – Anım Günü münasibətilə Şəkidə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Anım mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri də iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları önünə əklil və gül dəstələri qoyulub, onların əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Şəhidlərin Xatirə Kompleksinin qarşısında keçirilən anım tədbirində şəhidlərin qəhrəmanlıq yolu, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət və tarixi Zəfərin əldə olunmasında şəhid və qazilərin misilsiz xidmətlərindən bəhs olunub.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Zəminə Ağakişiyeva, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Zaur Mustafayev çıxış ediblər.
Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan tarixində mühüm yer tutduğu, xalqımızın birlik və həmrəyliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı sayəsində tarixi Qələbənin əldə edildiyi vurğulanıb. Qeyd olunub ki, bu Zəfərin təməlində Vətən uğrunda canından keçən minlərlə şəhidin və döyüşlərdə iştirak edən qazilərimizin qəhrəmanlığı dayanır.
Tədbirdə, həmçinin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından söz açılıb, onların hərtərəfli diqqət və himayə ilə əhatə olunduğu diqqətə çatdırılıb. Vətən uğrunda həyatını fəda etmiş şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.
Anım mərasimində saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.













