- Details
- Dərc edilib: 28 Oktyabr 2026
- Oxunma sayı: 141
Oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Bilikdən Zəfərə” adlı intellektual yarış keçirilib. Yarış filialın Karyera mərkəzinin dəstəyi və Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə baş tutub. Yarışın əsas məqsədi tələbələrin intellektual potensialının üzə çıxarılması, dünyagörüşünün genişləndirilməsi, analitik düşünmə və komanda şəklində işləmək bacarıqlarının inkişaf etdirilməsi, eləcə də gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırılması olub. Eyni zamanda, yarışın 8 Noyabr - Zəfər Gününə həsr olunması tələbələrdə milli-mənəvi dəyərələrə bağlılığın və vətənə sevgi hissinin gücləndirilməsinə xidmət edib. İki mərhələdən ibarət olan yarışda filialın rəhbərliyi və müxtəlif ixtisaslarda təhsil alan 96 nəfər tələbədən ibarət 16 komanda iştirak edib. İştirakçılar bilik və bacarıqlarını nümayiş etdirərək komanda ruhu, çevik düşünmə və düzgün qərarvermə qabiliyyətləri ilə fərqləniblər. Yarışın sonunda filialın direktoru dosent Vurğun Məmmədov tələbələrə öz ürək sözlərini çatdırıb. O bu cür intellektual yarışların gənclərin dünyagörüşünün zənginləşməsində, biliklərinin artırılmasında, təşəbbüskarlıq və əməkdaşlıq bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb, iştirakçılara gələcək fəliyyətlərində uğurlar arzulayıb. Yarışın nəticələrinə görə, “Günəş” komandası birinci, “Paradoks” komandası ikinci, “Xalxın Uşaqları” komandası üçüncü yerə sahib olub. Qalib komandalar müvafiq olaraq I, II, IlI dərəcəli diplomlarla təltif olunublar.













