2021 və 2022-ci illər ADPU-nun Şəki filialı üçün xüsusilə əlamətdar illər olub. Bu illərdə digər yaddaqalan hadisələrlə yanaşı, filial elmi tədqiqat istiqamətində də xeyli uğur qazanıb. Filialın əməkdaşları elmi tədqiqat işi üzərində araşdırmalarını tamamlayaraq, fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün təqdim edib və müdafiəni uğurla başa vurublar. 2021-ci ildə filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müəllimi Qafqaz Ağabalayev və Humanitar fənlər kafedrasının baş müəllimi İbrahim Abdulsəlimli dissertasiya işini müdafiə ediblər. 2022-ci ildə filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının əməkdaşları: pedaqoji fakültənin dekan müavini, baş müəllim Mehriban Kərimova və baş müəllim Kifayət Şirinova da bu uğura imza ataraq fəlsəfə doktorluğu üzrə dissertasiya işini uğurla müdafiə ediblər.
Qeyd edək ki, Kifayət Şirinovanın dissertasiya işinin müdafiəsi bir neçə gün əvvəl – sentyabrın 30-da baş tutub. O, pedaqogika üzrə elmlər doktoru, professor Əbülfət Pələngovun rəhbərliyi ilə “Modelləşdirmə elementləri riyaziyyat təliminin səmərəliliyini artıran vasitə kimi" mövzusunda dissertasiya işini müdafiə edib.
Hazırda ADPU-nun Şəki filialının professor-müəllim heyətində çalışanların 30-dan çoxu doktorant və dissertantdır. Onlar tədqiqat işi üzərində səmərəli çalışırlar. Ümid edirik ki, fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə dissertasiya işini tamamlayan digər filial əməkdaşları da tezliklə müdafiə edəcəklər. Onların hər birinə bu çətin və şərəfli yolda uğurlar arzulayırıq.





001002003
fondeduadpubir

VKkj