https://disk.yandex.com/i/S30FFkW0hZAUUw

                      HEYDƏR ƏLİYEVİN MƏNƏVİYYAT PROBLEMATİKASINA YANAŞMASI

Firədun Nadir oğlu İbrahimov,

ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor,
Rusiya Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim

Məktəbdə verilən tərbiyənin mahiyyəti—şəxsiyyəti yüksək ideyalılıq və baza mədəniyyəti ruhunda formalaşdırmaqda, nəcib bəşəri ideyaları uşağın intellektual və emosional aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdə ifadə olunur.[9] Şagirdi bu cür formalaşdırmaq üçün ona həm əbədi-ümumbəşəri sərvətləri (tarix boyu qazanılmış müsbət təcrübə və bilik sərvətlərini) mənimsətmək, həm də müasir cəmiyyətin hərtərəfli inkişafı gedişində əldə edilən sərvətləri —quruculuq işləri ilə bağlı məsələlər üzrə toplanan çoxsahəli istehsalat və idrak təcrübəsini, ictimai-siyasi və mənəvi təcrübəni aşılamaq lazımdır. [5]
Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə məşğulluq yetkin insanların məmnuniyyətlə öz üzərlərinə götürdükləri ən müqəddəs vəzifələrdəndir. Görkəmli şəxsiyyətlər həm şəxsi nümunəsi, həm də pedaqoji görüşləri ilə bu işə sıradan olan insanlardan fərqli xidmət göstərirlər. [10] Azərbaycan xalqı qüdrətli olduğundan öz bətnindən belə şəxsiyyətləri zaman-zaman yetirə bilmişdir.
Heydər Əliyev dahi Azərbaycanlıdır. Kürreyi-ərzdə yaşamış dahilər arasında Heydər Əliyevin özünəməxsus yeri vardır. Heydər Əliyev böyüməkdə olan nəslin tərbiyəsi işini cəmiyyət qarşısında duran ən mühüm vəzifələrdən biri kimi dəyərləndiən müdrik insandır. O deyirdi: ”.... Böyüməkdə olan nəslin … tərbiyəsi, mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyətin formalaşdırılması bu gün cəmiyyətimizin qarşısında duran çox mühüm vəzifədir. Bu, kompleks problemdir və onun həllində ... məktəb çox böyük rol oynayır. Məktəbdə insanın dünyagörüşünün bünövrəsi qoyulur. Onun xarakteri formalaşır, ideya dayaqlarının, mənəvi və əxlaqi dayaqların təməli yaradılır. Məktəbin təsiri altında .... adamın əqidəliliyi, əməyə məhəbbət, yüksək mənəviyyat və humanizm, vətənpərvərlik və beynəlmiləlçilik kimi keyfiyyətləri tərbiyə edilir... Böyüməkdə olan nəslin cəmiyyətin rifahı naminə əməyə, yaradıcılıq fəaliyyətinə hazırlanması məktəbin tərbiyəvi işinin başlıca istiqamətlərindən biridir”. [8]
Heydər Əliyev şəxsiyyətində insanın əxz etməli olduğu bütün arzu edilən dəyərlər cəm olunmuşdur. Odur ki onun şəxsi nümunəsi tərbiyə işinin yönümünü müəyyən etmək üçün əvəzsizdir. Dahi şəxsiyyət Heydər Əliyev özü barəsində belə yazır: ”...Mən həmişə yüksək mənəviyyat uğrunda mübarizə aparmışam, mənim həyatım saf mənəviyyat əsasında qurulubdur, mənim bütün əməllərim saf mənəviyyat əsasında qurulubdur, mənim gördüyüm işlər də saf, təmiz mənəviyyat əsasında qurulubdur. Mən Azərbaycan xalqının yüksək mənəviyyatını xalqımızın böyük sərvəti hesab edirəm... Bütün həyatımla, gördüyüm işlərlə, respublikanın, dövlətin başçısı kimi atdığım bütün addımlarla, tədbirlərimlə ölkəmizdə mənəviyyatın daha da möhkəmlənməsi, milli-mənəvi dəyərlərimizin yaşaması, milli adət-ənənələrimizə sadiq olmağımızı təmin etməyə çalışmışam”. [4]
Qənaətimizə görə, cağdaş zamanımızda — Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi uğrunda mücadilə etdiyimiz indiki şəraitdə tərbiyə prosesinin ən ideal modelini Heydər Əliyevin həyat yolunu, təcrübəsini, şəxsiyyətini öyrənmək, onun ideya və baxışlarını mənimsəmək, nəzəri və əməli pedaqoji fəaliyyətdə onlardan faydalanmaqla qurmaq, idarə etmək mümkündür.
Heydər Əliyev böyük bir mütəfəkkir olaraq yaşlı və gənc nəslə öz nəsihətləri ilə müraciət etmiş, öz həmvətənlərinə - bizlərə düzgün yollar göstərməyə, bütün müraciət və tələbləri ilə xalqının, millətinin həyatını yaxşılaşdırmağa çalışmışdır. Onun təlim və tərbiyə haqqında fikirləri çox qiymətlidir, idraki, hissi və hərəki tərbiyə problemləri ilə bağlı tövsiyələri həmişəyaşar təbiətlidir. Heydər Əliyev deyirdi: “...Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.
…Mən bütün müəllimlərimizdən rica edirəm ki, bu prinsipi özlərinin fəaliyyətində, öz həyatında da əsas tutsunlar, gənclərimizi də yüksək mənəvi ruhda tərbiyələndirməyə, hazırlamağa çalışsınlar... cəmiyyətimiz həm zəngin bilikli, yüksək təhsilli mütəxəssislərə, həm də yüksək mənəviyyata malik insanlara ehtiyac duyur”. [1]
Heydər Əliyevin tərbiyə sisteminin hər bir komponenti, elementi, onun imkandaşıyıcılıq funksiyası, səmərəliliyinin artırılması, gerçəyə uyğun tətbiqi barədə pedaqoii baxışları dahiyanədir.
Fikrimizcə, Heydər Əliyevin pedaqoji görüşlərinin hərtərəfli öyrənilməsi üçün səriştəli tədqiqatçıların qərinələrlə çalışması gərəkdir və bu, faydalı bir iş olar. Çünki bunlar Azərbaycan xalqının milli sərvəti kimi hifz olunmağa layiqdir, hər birimiz üçündür. Təsadüfi deyil ki, pedaqoji peşənin vurğunu olanlar bu sərvətdən faydalanmaqdadırlar...
Milli mənsublarıma təqdim olunan bu material, “Pedaqoqun tribunası” rubrikasının verdiyi imkan daxilində, Heydər Əliyevin pedaqoji görüşlərinə pedaqoq oxucuların diqqətini yönəltmək, belə bir əvəzsiz və tükənməz milli sərvətimizdən hər kəsin faydalanması ilə bağlı arzumuzu izhar etmək məqsədi daşıyır. Odur ki məqsədə uyğun olaraq, Heydər Əliyevin pedaqoji görüşlərində ehtiva olunan bəzi elementlərə nəzər yetirməyi məqsədəuyğun hesab edirik.
Siyasi və pedaqoji mənbələrdən aydın görmək olur ki, Ümummilli Lider Heydər Əliyev şəxsiyyətin fəal həyat mövqeyinin formalaşdırılmasının əsas istiqamətləri, onun mahiyyəti barədə elmi şərhlər vermişdir, hansı ki, burada ehtiva olunanlar çağdaş zəmanəmizdə sözügedən istiqamətdə tərbiyə işinin nəzəri işlənilməsi və əməli olaraq həyata keçirilməsi üçün mühüm metodoloji əsaslar kimi qəbul oluna bilər və olunmalıdır. Çoxillik pedaqoji tədqiqat və praktiki fəaliyyətimizə və əxz etmiş olduğumuz təcrübə bizi bu qənaətə gətirir!
Heydər Əliyev 1979-cu ilin aprel ayının 17-dən 27-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən “Fəal həyat mövqeyinin formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri”nə həsr olunan elmi-praktik konfransda etdiyi məruzəsində “şəxsiyyətin fəal həyat mövqeyi” anlayışının mahiyyətinə belə bir açıqlama vermişdir: “Fəal mövqe şəxsiyyətin ....əqidəsini, onun iradə zənginliyini, ideya-mənəvi düşüncələrini ifadə edərək, insana yeni-yeni məsələləri irəli sürüb həll etməkdə, çətin şəraitdə özünü itirməməkdə, qətiyyətli hərəkət etməkdə, öz üzərinə məsuliyyət götürməkdə kömək edir. Fəal mövqe insandan bəşəriyyətin hazırladığı bütün mənəvi sərvətlər ilə öz daxili aləmini daim zənginləşdirməyi tələb edir”. [6]
Göründüyü kimi, burada şəxsiyyəti fəal həyat mövqeyindən xüsusilə xarakterizə edən ideya-mənəvi və iradi xassələr göstərilir. Təbii ki, bu hələ hamısı deyildir. Nəzərdən keçirilən anlayışı daha dürüst, tam aydınlaşdırmaq məqsədilə Heydər Əliyev yazır: “....fəal həyat mövqeyi insanların ideya-mənəvi tərbiyəsinin səmərəliliyinin ümumiləşdirici göstəricisidir, şəxsiyyətin mənəvi keyfiyyətlərini yoxlamaq üçün ən təsirli biz vasitədir... ən yaxşı keyfiyyətlərin təzahürü deməkdir”. [8]
Fəal həyat mövqeyi, Heydər Əliyevin baxışlarına görə, hər şeydən əvvəl, insanın həyata, adamların fəaliyyətinə, bu fəaliyyətin xarakterinə olan yanaşmalar sistemidir. Bu yalnız baxışların deyil, həm də ictimai mənafeyə və əxlaq normalarına cavab verən hərəkətlərin sistemidir. Ona görə də belə mövqeyin formalaşdırılması mənəvi tərbiyənin əsas, həlledici vəzifələrindən biridir. Fəal həyat mövqeyi ictimai vətəndaşlıq borcunun və şəxsiyyətin mənəvi məsuliyyətinin ərintisi, insanın cəmiyyət tərəfindən onun üzərinə qoyulan vəzifələrini dərk etməsidir. Həyat mövqeyinin fəallığı, hər şeydən əvvəl, cəmiyyətin, insanların xeyrinə işlərlə ölçülür və yoxlanılır.
Fəal həyat mövqeyinə verilən bu şərh düzgün fikirlər üzərində qurulmaqla yanaşı, orada şəxsiyyətin həyat mövqeyinin tədricən formalaşdırılmasına diqqət yönəldilir. Düzgün vurğulanır ki, əqidə, şüurlu məsuliyyət olmadan şəxsiyyət fəal həyat mövqeyi səviyyəsində dura bilməz, əmək və ya ictimai fəaliyyətdə fəal mövqe mürəkkəb funksiyadır, onun yerinə yetirilməsi üçün fiziki və mənəvi qüvvələrin gərgin işləməsi tələb olunur, hətta bu onun üçün təhlükəli olsa belə, şəxsiyyət bu addımı atmalıdır. Bu halda təkcə ideyalılıq fəal mövqeyi həyata keçirmək üçün kifayət deyildir, fərdi bacarıq və xüsusilə möhkəm iradi keyfiyyətlər: qətiyyətlilik, fədakarlıq, mütəşəkkillik olmadan şəxsiyyət, hətta ürəkdən arzu etsə belə, fəal həyat mövqeyində dura bilməz.
Heydər Əliyev mənəvi tərbiyənin tərkib hissə və funksiyalarına diqqət yönəltməklə yanaşı, onun həyata keçirilməsi yollarını da göstərmişdir. Onun fikrincə, şəxsiyyətin yüksək inkişaf etmiş məsuliyyət hissi hüquq və mənəviyyat normalarını pozmamağın, millətin mənəvi dayaqlarına zidd olan nalayiq hərəkət etməməyin mühüm şərtlərindən biridir. Buna görə də məktəblilərdə məsuliyyət hissinin tərbiyəsi mənəvi tərbiyənin tərkib hissəsi olmalıdır. Bizcə, bu məsələ məktəblilərin tərbiyəsi ilə məşğul olan bütün strukturların fəaliyyət mərkəzində olmalıdır.
Heydər Əliyevin fikrincə, millət və cəmiyyətin mənəvi potensialına arxalanaraq, xalqın, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin birləşdirilməsi mənəvi tərbiyənin mühüm funksiyalarından biridir. Bu birliyin həyata keçirilməsinin başlanğıc pilləsini vətənin, ölkənin bu günü və gələcəyi, millətin sabahkı günü üçün fərdlərdə yüksək məsuliyyət hissinin formalaşdırılması təşkil edir. İkinci pilləsini isə millət və cəmiyyətin mənəvi və əxlaqi birliyi təşkil edə bilər. Əgər xalqın mənəvi və əxlaqi birliyi təmin edilmişsə, deməli, bir çox sosial və siyasi məsələlərin həlli asanlaşar və reallaşa bilər.[6]
Heydər Əliyevin pedaqoji görüşlərində gənclərin mənəvi tərbiyəsinin mühüm yollarının interpretasiyası əsas yer tutur. Onun maraq doğuran tövsiyələr müəllifi olması bir daha sübut edir ki, Heydər Əliyev gənclərin tərbiyəsi işinə elmi əsaslarla yanaşır, ona yüksək məharət tələb edən bir sənət, gərgin, fədakar əmək sahəsi kimi dəyər verir.
Heydər Əliyev gənclərin vəzifələri sırasında mənəvi tərbiyə məsələsinə diqqətli olmağı tövsiyə etmişdir. O göstərirdi ki, gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir, ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Gənclər xalqımızın milli ənənələri, milli-mənəvi dəyərləri əsasında tərbiyələnməlidir. Gənclərin tərbiyə edilməsində, təhsillənməsində eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Yeri gəlmişkən, qeyd edək ki, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, yeni ictimai birlik normaları yaranır və onlar hətta “etik” birliklərə nisbətən daha dayanıqlı ola bilər. Xüsusən, qloballaşma şəraitində internet və sairənin açdığı məkan məhdudiyyətindən azad olan belə yeni birliklərin formalaşması və bəşəriyyətin elə bil ki, çalxalanıb yeni strukturlar kəsb etməsi olduqca əlamətdar proseslərdir və bunlara biganə qalmaq olmaz.
Bu yeni rakursdan baxdıqda “milli” anlayışının da yenidən dəyərləndirilməsinə, onun məzmununa daxil olan yeni məna çalarlarına xüsusi diqqət yetirilməlidir. Ona görə də, yenidən “fərdi Mən”, “milli Mən” və “ümumbəşəri Mən” anlayışlarına qayıtmaq, “milli” anlamının mahiyyətinə də yenidən nəzər salmaq tələb olunur. Onu da qeyd etmək yerinə düşər ki, əsl böyük fəlsəfə fərdi Mənlə dünya arasındakı münasibəti əks etdirir. Fərdi Mən ümumbəşəri və milli Mənləri ehtiva etmək imkanına malik olduğundan, daha zəngindir. Lakin fərdi Mən heç də həmişə özünü dərk edə bilmir. Ayrı-ayrı fərdlərin özünüdərk yolu milli və ümumbəşəri özünüdərklərin ancaq müəyyən elementlərini ehtiva edir. Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq, milləti təmsil etmək səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan, milli özünüdərk baryerini keçmiş olan tək-tək şəxsiyyətlərin fəlsəfi konsepsiyalarından, bu konsepsiyaların şəbəkəsindən ibarət olur. [8]
Heydər Əliyev göstərirdi ki, milli-mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir. Gənclər arasında aparılan iş bu istiqamətdə olmalıdır. Onun fikrincə, şəxsiyyəti ən çox yüksəldən onun həyatda fəal mövqe tutmasıdır. Bu halda onun sözü ilə işinin bir-birinə uyğun gəlməsi gündəlik davranış norması olur. Mənəvi tərbiyənin vəzifəsi belə bir mövqe tərbiyə etməkdən ibarətdir. [2]
Heydər Əliyev israrla qeyd edirdi: “...gənclərin tərbiyəsində milli, dini adət və ənənələrimizdən istifadə etmək lazımdır. Əsrlərin dərinliyindən bu günə gəlib çatan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz məhz bu prinsiplərə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacağıq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq. Gənclərin sağlam ruhda tərbiyə olunması üçün hər kəs öz sahəsində lazımi tədbirlər görməlidir”. [4]
Heydər Əliyev tövsiyə edirdi ki, gəncləri vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə etmək üçün orta məktəblərdə çox iş görülməlidir. Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə bu dövlətin müstəqilliyinin, suverenliyinin təmin olunmasını öz həyatının əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlardan vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün pedaqoji proses, xüsusən humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, torpağa sədaqət, vətənpərvərlik ruhu aşılansın, tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin. Odur ki məktəblərdə bu fənləri tədris edərkən vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması ilə də ciddi məşğul olmaq lazımdır.
Heydər Əliyev Azərbaycanın Böyük Vətəndaşıdır. “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir “. Millət Atası həmişə fəxr edibdir ki, Azərbaycanlıdır. “Vətənpərvər olmaq üçün nə etməlisən?” sualının ən düzgün cavabı belədir: ”Heydər Əliyevin şəxsi nümunəsini idealın seçməlisən!” Heydər Əliyev bu anlayışın maraq doğuran elmi şərhinə 31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə keçirdiyi görüşdə - giriş sözünün məzmununda yer vermişdir. O göstərmişdir: “...Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın. Bunlar hamısı vətənpərvərlikdən doğan bir şeydir. Vətənpərvər insan öz mədəniyyətinin də, iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini, xalqının rifah halının yüksəklərə qaldırılmasını istəyir. Bütün bunlar vətənpərvərlik məfhumuna daxil olan anlayışlardır. Bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hissini tərbiyə etmək üçün şübhəsiz ki,..Vətəni qorumaq, torpaqlarımızı müdafiə etmək üçün hər bir gəncin hazır olmasını tərbiyə etmək lazımdır. Bu, xüsusən bu gün üçün də lazımdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bir halda ki, biz müstəqil dövlətik və müstəqilliyimizi tarixi bir hadisə kimi qəbul etmişik — bu, həqiqətən də belədir — Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Orta məktəblərdə bir tərəfdən, hərbi tədrisə, gənclərin fiziki hazırlığına, idmana ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”. [1]
Heydər Əliyev göstərirdi ki, gənclərin tərbiyəsinin ən mühüm istiqamətlərindən biri gerçəkliyə estetik münasibətin formalaşdırılmasından, şəxsiyyətin bədii tərbiyəsindən ibarətdir. Bu istiqamətin əhəmiyyəti çox böyükdür, çünki estetik tərbiyə olmadan ahəngdar şəkildə inkişaf etmiş şəxsiyyət yetişə bilməz. Doğrudan da, insan mənəvi varlığı estetik hiss sayəsində vahid, bütöv bir proses olur. Estetik hiss sintetik funksiyaya malikdir. [7] İnsanın fiziki inkişafı, onun əxlaqi-mənəvi keyfiyyətləri, habelə intellektual inkişaf səviyyəsi bir-biri ilə hər halda müəyyən əlaqəyə malik olsa da, bir-birini yalnız dolayısı ilə şərtləndirir, bütöv bir hadisənin ayrılmaz tərkib hissələri kimi çıxış etmir. Bu tərəflər arasında qırılmaz daxili əlaqəni, bütövlüyü, ümumi ahəngi yalnız estetik hiss yaradır. Bu, ən çox estetikliyin öz təbiətindən irəli gəlir, zira estetik hiss insanın dünyaya, dünyanın ümumi ahənginə qovuşması, insanın öz bütövlüyünü, dünya ilə vəhdətini hiss etməsidir. Estetikliyin ikili cəhəti-inkişaf aspektlərindən biri olmaqla yanaşı, sintetik funksiya daşıması şəxsiyyətin inkişafındakı ahəngdarlığın, hərtərəfliliyin təmin edilməsində mühüm amildir. Böyüməkdə olan nəsli tərbiyə etmək işinin etibar edilib tapşırıldığı adamların hamısı bunu yaxşı başa düşməlidir. Bütün bədii-estetik təsir vasitəsi ilə əmək və əxlaq tərbiyəsinin, ideya-siyasi tərbiyənin formalarını və məzmununu zənginləşdirmək, insanın mənəvi aləmini saflaşdırmaq, ictimai əlaqələrini genişləndirmək və dərinləşdirmək məsul və şərəfli vəzifədir.
Heydər Əliyev vurğulayırdı ki, gənclərin estetik tərbiyəsi onların gözəlliyi duymaq və başa düşmək qabiliyyətini formalaşdırmaqla yanaşı, həm də onlarda gözəlliyi yaratmaq tələbatı tərbiyə etməli, hər bir adamda olan bədii imkanları aşkara çıxarmalıdır. Bu baxımdan özfəaliyyətin, həm də onun ən kütləvi formalarının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilməlidir. Xor, rəqs, teatr və sairəyə minlərlə gənci cəlb etmək mümkündür və bu, çox faydalıdır. Bunlar çox böyük ideya-tərbiyə imkanlarına malikdir: ictimai əsaslarla göstərilən hər cür başqa fəaliyyət kimi bədii özfəaliyyət də ictimai mənafe ilə şəxsi mənafe vəhdətinin qüvvəsini aydın görməyə və hiss etməyə imkan verir. Birgə yaradıcılıq yoldaşlıq, kollektivçilik hissini möhkəmləndirir və həm də bu zaman fərdiyyətin pərvazlanmasını, şəxsiyyətin qabiliyyət və istedadının geniş inkişaf etməsini nəzərdə tutur.
Çalışmaq lazımdır ki, hər bir məktəbin, hər bir tədris müəssisəsinin bədii özfəaliyyəti olsun. Söz yox ki, mədəniyyət sarayları və evləri, klub idarələri uşaqların və gənclərin estetik tərbiyəsi işini yaxşılaşdırmalıdırlar. Gəncləri incəsənətə daha cox cəlb etmək lazımdır. Siyasi mahnının, vətənpərvərlik, vətəndaşlıq məzmunlu mahnıların təbliğini xeyli yaxşılaşdırmaq lazımdır. [8]
Heydər Əliyev insanın mənəvi yüksəlişində əməyin əhəmiyyətini xüsusi vurğulayırdı. Burada iki aspektə diqqət yönəldilir:
a) insanlarda, xüsusən də böyüməkdə olan nəsildə fiziki və əqli, ağır və az cəlbedici, lakin ictimai faydalı əməyə hörmət tərbiyə etmək planında;
b) istehlakçı psixologiyaya, əşya xəstəliyinə, tüfeyliliyə, tamahkarlığa və s. bu kimi neqativ təzahürlərə qarşı barışmaz mübarizə mənasında [4]
Qeyd etmək lazımdır ki, bu xətt XX əsrin 70-80-cı illərində Heydər Əliyevin siyasi və əməli fəaliyyətində çox aydın izlənir.
Heydər Əliyev idmana, fiziki hazırlığa, bədən tərbiyəsinə xüsusi önəm verilməsini vacib sayırdı. O, Azərbaycan idmançıları ilə görüşündə demişdir: “Azərbaycan xalqı milli azadlığına nail olubdur, dövlət müstəqilliyini əldə edibdir. Azərbaycan xalqı bu gün üçün də, gələcək üçün də müsbət nümunələr göstərməlidir. Müsbət nümunələri isə biz birinci növbədə hər bir insanın və ümumiyyətlə, xalqımızın, millətimizin fiziki və mənəvi sağlamlığında görürük”. [3]
Elmi mənbələrdə Heydər Əliyevin mənəviyyat problematikasına yanaşmasında iki vacib məqamın mövcudluğuna diqqət yetirilir:
1.Vicdan, səmimilik, başqalarına qayğı, ümumilli və ümumdövlət maraqlarının şəxsi maraqlardan və tamahkarlıqdan üstün tutulması, başqalarının tale və dərdinə biganə qalmamaq, mərhəmət və s. kimi mənəvi dəyərlərin və prinsiplərin qiymətləndirilməsi,
2. Mənəviyyat mənbələrimizin, mənəvi mədəniyyətimizin, mənəvi prinsip və dəyərlərimizin yüksək qiymətləndirilməsi.
Burada Azərbaycan xalqının tarixi, mədəni, mənəvi və əxlaqi dəyərlərindən, şifahi xalq ədəbiyyatından, ədəbiyyat və incəsənətindən, fəlsəfi və ictimai fikrindən, Azərbaycan xalqının çoxəsrlik bədii mədəniyyətindən, bütövlükdə millətin tarixi yaddaşından söhbət gedir. Bütün bunlar və başqa adları çəkilməyən dəyərlərdə ulu əcdadlarımızın mənəvi həyatı və mənəvi prinsiplərinə, millətin əxlaqi və mənəvi köklərinə dair son dərəcə əhəmiyyətli məlumatlar vardır. [4]
Azərbaycanın Böyük Vətəndaşının ideya, düşüncə və deyimlərinin öyrənilməsi bizi belə qənaətə gətirir ki, onun ideya-nəzəri irsində millətin mənəvi həyatının, şəxsiyyətin əxlaqi və mənəvi aləminin bütün mental elementləri mövcuddur. Bu zəngin irsə əsaslanaraq, böyüməkdə olan nəslin mənəvi aləminin fundamental nəzəri modelini və cəmiyyətin mənəvi prinsiplərinin özünəməxsus kodeksini işləyib hazırlamaq olar. Yuxarıda vurğuladığımız kimi, bu bizim qənaətimizdir!
Ədəbiyyat:
1.Heydər Əliyev: “Müstəqilliyimiz əbədidir”, II kitab. Bakı,1997, səh.175-176,180,221-222
2.Heydər Əliyev: “Müstəqilliyimiz əbədidir”, V kitab. Bakı,1998, səh.318 .
3.Heydər Əliyev: “Müstəqilliyimiz əbədidir”, Vİ kitab. Bakı, 1998, səh.5-6
4.Heydər Əliyev: “Mənəviyyat, Mənəvi dəyərlər, Mənəvi tərbiyə, Bakı “Müəllim”, 2008
5.Kazımov N.M,, Həşimov Ə.Ş.Pedaqogika . Bakı, “Maarif”, 1996, səh.206
6.Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. Bakı, “Maarif”, 1982, səh 18-31
7.“Kommunist” qəzeti, 26.04.1979, 06.04.1982
8.Xəlilov S.S.Təhsil, təlim, tərbiyə. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2005, səh.383; 354.
9.Болдырев Н.Л.Нравственное воспитание школьников. Вопросы теории. М,1979.стр.38-39
10.Щукина Г.И. Активизации познавательной деятельности учащихся в учебном процессе. М.,1979, стр. 26-27





001002003
fondeduadpubir

VKkj