https://disk.yandex.com/i/biOZlAH5z4bWVg

HEYDƏR ƏLİYEVİN PEDAQOJİ GÖRÜŞLƏRİ TƏHSİL QURUCULUĞU İŞİNİN METODOLOJİ ƏSASI KİMİ

Firədun Nadir oğlu İbrahimov,
ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor,
Rusiya Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim

Azərbaycan təhsilinin təkmil sisteminin qurulması və onun sivil dünya təhsilinə inteqrasiya olunması baxımından inkişafının yönəldilməsinin metodoloji əsasına Heydər Əliyevin pedaqoji görüşlərinin qoyulması məntiqidir. Bu qənaətin əsasında istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan təhsilinin yaşanmış təcrübəsi dayanır. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dünya azərbaycanlılarının Milli Liderinin təhsillə bağlı mülahizə və müddəaları –ciddi elmi əsaslara malik baxışları pedaqoji fikir tariximizin nadir incilərindəndir. Güclü məntiqə və qibtəolunası uzaqgörənliyə əsaslanmış həmin mülahizə və müddəalar, tarixi tövsiyələr Azərbaycan təhsilinin inkişaf yolunun proqramı rolunu oynamışdır və bu gün də dəyərini saxlamaqdadır. Heydər Əliyevin XX əsrin 70-80-ci illərində təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirlərin müasir ideyalarla müqayisəsi onun zamanı necə və hansı səviyyədə qabaqlaya bildiyi qənaətini ortaya qoyur.
Araşdırmalar birmənalı şəkildə göstərir ki, o, fikirləri ilə həmişə zamanı qabaqlamışdır –XX əsrin yetmişinci illərində söylədiyi fikirləri ilə çağdaş dövrümüzün təhsili qarşısındakı vəzifələrin, müəyyənləşdirilməli inkişaf yollarının proqnozunu vermişdir.
Heydər Əliyev təhsilin mütləq inkişafyönümlü xarakter daşımalı olduğunu göstərmiş, təhsilin, cəmiyyətin, dövlətin, hər bir şəxsin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulamışdır. “Məktəb elə bir prosesdir, orqanizimdir ki, burada hamı - şagird də, müəlim də, bütün kollektiv də inkişafdadır” [5], - deməklə Ulu Öndər, əslində, məktəbdəki inkişafın bilavasitə burada həyata keçirilən təhsilin nəticəsi olduğunu diqqətə çatdırmışdır.
Ulu Öndər təhsilin milli məqsəd və mənafelər əsasında qurulmasını zəruri saymışdır. O, israrla qeyd edirdi ki, uşaq və gənclər əsl azərbaycanlı, əsl vətəndaşlıq, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmalıdır. Heydər Əliyev təhsil quruculuğunun metodoloji əsasına “təhsil sisteminin xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun olması” ideyasını qoyurdu və tələb edirdi ki, “ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır”. [3]
Heydər Əliyev Azərbaycan təhsilinin inkişaf hədəflərini müdrikcəsinə müəyyənləşdirmişdir, hansı ki, bu gün Azərbaycanda təhsilin məqsədi sözügedən çağırışa istinad edir. Bu çağırışın məğzi belədir: “Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib gələcəyə hazırlamaqdır…. Azərbaycan vətəndaşı hazırlamaqdır, Azaərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”. [5]
Heydər Əliyev biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi, əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin qurulmasına yönəltməyi zəruri sayırdı və bu prosesdə orta təhsilin roluna böyük qiymət verirdi. O göstərirdi: “... İnsan təhsilin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o cəmiyyətdə özünə yer tapacaq..., cəmiyyətimizin qürurlu üzvü olacaqdır..., bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur”. [3] Heydər Əliyev özünəməxsus üslubda fikrini inkişaf etdirərək vurğulamışdır: “Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil pilləsində qoyulmalıdır. Yəni gənclərin bu istiqamətdə təhsilinin artırılmasının təməli qoyulmalıdır”. [1] “Müasir həyat və dünyanın gələcəyi insanlardan daha cox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”. [4]
Heydər Əliyevin orta məktəblərdə fənlərin tədrisinin təşkili ilə əlaqədar fikirləri də metodoloji dəyərə malikdir. O, fənləri sadəcə olaraq şagirdlərə müyyən çərçivədə müaviq məlumatlar, nəzəri biliklər mənimsədən vasitə kimi deyil, şəxsiyyətin formalaşmasını təmin edən, onlara həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək üçün zəruri həyati bacarıqlar aşılayan mühüm amil kimi dəyərləndirirdi. İndi diqqət mərkəzinə gətirilən bu məsələləri Heydər Əliyev keçən əsrin 70-ci illərində irəli sürmüşdür. Ümummilli Liderin “... Bizim məktəb şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və başqa fundamental fənlər sahəsində möhkəm biliklərə yiyələnməsini təmin etməlidir. Gənclər elmi işçilərin sırasına daha fəal qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin önündə getməlidir. Fundamental və texniki fənləri dərindən mənimsəmək, bu fənlərin tədrisi səviyyəsinə daim diqqət yetirmək lüzumu bundan irəli gəlir. İctimai fənlərin təlimi keyfiyyətinin böyük əhəmiyyəti vardır. Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalaşmasında ictimai fənləri yaxşı bilmək hər bir məktəblidə Vətənə məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzminin tərbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir” [2], - müddəaları hazırda ümumi təhsil sisteminə daxil olan həmin fənlərin məqsəd və vəzifələrini aydın ifadə edir.
Azərbaycanda Dövlət müstəqilliyinin bərpasından sonra təhsilimizin inkişafı, qabaqcıl ölkələrin təhsil sisteminə davamlı inteqrasiyası üçün əlverişli şəraitin yarandığını yüksək qiymətləndirən Heydər Əliyev çox vacib bir məqamı diqqətə çatdırmış və “respublikamiz müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf edərək təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır” [1] vəzifəsini qarşıya qoymuşdur.
Heydər Əliyev təhsil islahatını həyata keçirənlərə xitabən söyləyirdi: “Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq olunmalıdır. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik”. [6] “İndiyə qədər yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün ölkələrlə hazırkı əlaqələrdən istifadə edərək inkişaf etmiş olkələrin təcrübəsini təhsil sahəsində tətbiq etmək mümkündür” [1] deməklə, Ulu Öndər diqqəti islahatyönümlü işlərin hansı bünövrə üzərində qoyulmasına yönəltmişdir. Heydər Əliyev təhsil islahatının başlıca istiqamətlərini çox aydın şəkildə göstərmişdir: “İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəlsin”. [1]
Heydər Əliyevin indiki və gələcək nəsillərə ərməğan etdiyi irsi qiymətli bir xəzinədir. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək. Lakin onun işıqlı təfəkküründən süzülüb gəlmiş nadir fikir inciləri uğurlu gələcəyə gedən təhsil yolumuzda məşəl kimi daim şölələnəcəkdir. Bu məşəlin şöləsi təhsilimizin qurulması və inkişaf etdirilməsi yönümlü fəaliyyətin metodoloji əsaslarına davamlı olaraq aydınlıq gətirəcəkdir, onu yanlışlıqlardan hifz edəcəkdir.
ƏDƏBİYYAT
1.Heydər Əliyev. 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki nitqi// Müstəqilliyimiz əbədidir. İkinci kitab. Bakı: Azərnəşr, 1997.
2.Heydər Əliyev. 1978-ci il may ayının 18-də keçirilən Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqi// Təhsil millətin gələcəyidir. Bakı: “Təhsil”, 2002.
3.Heydər Əliyev. 1999-cu il avqustun 31-də respublika təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdəki nitqi// Təhsil Millətin gələcəyidir. Bakı: Təhsil, 2002.
4.Heydər Əliyev. 1997-ci il avqustun 29-da keçirilmiş Azərbaycan və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələr və onların valideyinləri ilə görüşdəki yekun nitqi// Müstəqilliyimiz əbədidir. On ikinci kitab. Bakı: Azərnəşr, 2004.
5.Heydər Əlieyv. 1997-ci il sentyabrın 1-də yeni dərs ilinin başlanması münasibəti ilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdəki nitqi// Müstəqilliyimiz əbədidir. On ikinci kitab. Bakı: Azərnəşr, 2004.
6.Heydər Əliyev. 1999-cu il martın 17-də təhsil sahəsindəki islahatlar üzrə Dövlət komissiyasının iclasındakı yekun nitqi// Müstəqilliyimiz əbədidir. On doqquzuncu kitab.Bakı: Azərnəşr, 2006.

 





001002003
fondeduadpubir

VKkj