- Details
- Dərc edilib: 07 Noyabr 2025
- Oxunma sayı: 842
Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin dəstəyi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və Tələbə Gənclər Təşkilatının (TGT) iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Beş illik Qalibiyyət Salnaməsi" adlı tədbir keçirilib. Şəhid anaları və qazilərin də iştirak etdiyi tədbir Azərbaycan bayrağının səhnəyə təntənəli şəkildə gətirilməsi ilə başlayıb, sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçmiş şəhidlərin xatirəsi sükutla yad edilib. Tədbirdə filialın direktoru dos. Vurğun Məmmədov giriş nitqi ilə çıxış edərək, Zəfərə gedən yolun tarixi xronoloji ardıcıllığını diqqətə çatdırıb, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin qələbənin əldə olunmasında müstəsna rolundan, hazırda işğaldan azad olunmuş torpaqların abadlaşdırılması istiqamətində görülən möhtəşəm işlərdən bəhs edib. Sonra Şəhid Məmmədiyə Cabbarzadənin anası Zöhrə Cabbarzadə, Vətən müharibəsi qazisi, Nakam adına mərkəzi kitabxananın bölmə müdiri Ayxan Şükürlü, Vətən müharibəsi qazisi, prodüser Yusif Mustafayev çıxış edib, öz xatirələrini bölüşüblər.
Tədbir musiqili-bədii proqramla davam edib. Azərbaycan ordusunun döyüş səhnələrindən, işğal edilmiş ərazilərin azad olunmasından bəhs edən videoçarxlar, tələbələrin təqdimatında müxtəlif mahnı və rəqslər, şeirlər, Azərbaycan oğullarının vətənpərvərliyindən və qəhrəmanlığından bəhs edən səhnəciklər tədbirə xüsusi rəng qatıb. Tədbirdə filialın l tədris ili tələbəsi Ceyhun Əlizadənın Zəfər Günü münasibətilə yazıb-bəstələdiyi "Nida" mahnısı xüsusi maraqla qarşılanıb. Tədbirin sonunda filialın THİK-nin sədri, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Günel Əliyeva çıxış edərək bütün qonaqlara, tədbirin təşkilində iştirak edən tələbələrə minnətdarlığını bildirib.













