- Details
- Dərc edilib: 06 Oktyabr 2026
- Oxunma sayı: 20
Oktyabrın 5-də Şəkidə - Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin birgə təşkilatçılığı və təhsil işçilərinin iştirakı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin sədrləri, məktəb direktorları, müəllimlər və digər təhsil işçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru dosent Vurğun Məmmədov və filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov da iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Mərkəzin foyesində təşkil olunmuş, şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də dünyasını dəyişmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəllimlik peşəsinin cəmiyyət həyatındakı xüsusi əhəmiyyətindən, müəllimlərin gənc nəslin dünyagörüşünün, milli-mənəvi dəyərlərinin və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rolundan bəhs edib. O, təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin mühüm məqamlarından biri təhsil sahəsində səmərəli fəaliyyət göstərən, təhsilin inkişafına töhfə verən və gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri ilə seçilən təhsil işçilərinin təltif olunması olub.
Bu çərçivədə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təltif olunan bir qrup təhsil işçisinə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib. Həmçinin Elm və Təhsil Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Fəxri Fərmanları və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən hədiyyələr təqdim olunub.
Təltif olunanlar sırasında ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov da olub. Professor Firədun İbrahimov təhsil elminin və pedaqoji fikrin inkişafına verdiyi töhfələr, uzunmüddətli elmi-pedaqoji fəaliyyəti və təhsil sahəsindəki xidmətlərinə görə yüksək etimad və diqqətə layiq görülərək, Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olunub.
Təltif olunan təhsil işçiləri göstərilən diqqət və yüksək dəyərə görə təşəkkürlərini bildirərək bundan sonra da təhsil sahəsinin inkişafına, gənc nəslin keyfiyyətli təlim-tərbiyəsinə və peşə fəaliyyətlərinin layiqincə həyata keçirilməsinə töhfə vermək üçün səylə çalışacaqlarını qeyd ediblər.
Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.
