- Details
- Dərc edilib: 07 Noyabr 2026
- Oxunma sayı: 38
Noyabrın 7-də Şəki Dövlət Regional Kollecində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tələbələrarası Breyn-Rinq intellektual yarışı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd gənclərin bilik və dünyagörüşünün artırılması, intellektual potensialının üzə çıxarılması, komanda şəklində işləmək bacarıqlarının inkişaf etdirilməsi, eləcə də tələbələr arasında əməkdaşlıq və sağlam rəqabət mühitinin gücləndirilməsi olub.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 8 komanda bilik və intellektual bacarıqlarını nümayiş etdirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialınin tələbələrindən ibarət iki komanda da yarışa qatılıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, ADPU-nun Şəki filialının tələbələrindən ibarət “Oğuzlar” komandası I , filialın digər komandası - “Zirvə” isə III yerə layiq görülüb. II yerin sahibi Şəki Tibb Kollecinin “Zəfər Ruhu” komandası olub.
Qalib komandalar diplom və medallarla təltif olunublar.
Tələbələrimizi qazandıqları qələbə münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq!
