ADPU-nun Şəki filialının “Humanitar fənlər” kafedrası tədrisin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini genişləndirmək məqsədilə paralel olaraq, bir sıra layihələr həyata keçirir. Bu və ya digər layihəyə başlamazdan öncə daxili monitorinqlər vasitəsilə onlara ehtiyacın səviyyəsi və konkret hədəflər müəyyənləşdirilir. Layihələrin keyfiyyətlilik meyarı kimi onun davamlılığı və konkret praktik nəticələr əsas götürülür.
Uzun müddətdir ki, ADPU-nun Şəki filialı müxtəlif dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. Belə əməkdaş təşkilatlar sırasında öncül yerlərdən birini Şəki Regional Asan Xidmət Məkrəzi tutur. “Humanitar fənlər” kafedrası və Şəki Regional Asan Xidmət Mərkəzi Növbəti layihənin icrasına başlayıb. Layihə çərçivəsində 2024-cü ilin aprel ayının 24-də filialın “Sosial iş” ixtisasında təhsil alan bir qrup tələbə mərkəzdə olub və onun fəaliyyəti ilə yaxından tanış olublar.
Hədəf qrup olaraq layihədə bu ixtisas tələbələrinin seçilməsinin başlıca səbəbi hər ötən gün aktuallığı və polulyarlığı artan “Sosial iş” ixtisası üzrə peşəkar kadrların sosial xidmətlər sahəsində vacib nəzəri bilik, praktiki vərdiş və bacarıqlara yiyələnməsini zərurətindən qaynaqlanır.
İlk tanıtım tədbirində xidmətin əməkdaşı Dinarə Allahverdiyeva Asan Xidmətin funksiyaları və iş prinsipləri haqqında ətraflı məlumat verib. Xidmətin Hüquq təminatı Sektorunun əməkdaşı Gülnarə Mürsəlli tələbələrə Vətəndaş qəbulunun təşkili, həmçinin “Exit poll” - rəy sorğularının hazırlanması, keçirilməsi, nəticələrinin analizi və müxtəlif indiqatorların tətbiqi ilə xidmətin təşkilinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində dövri olaraq görülən işlər haqqında ətraflı məlumat verib.
Tanıtım tədbirində “Humanitar fənlər” kafedrasının müəllimi Xəyalə Osmanova yaradılmış şəraitə görə xidmətin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib. Qərara alınıb ki, növbəti dövr ərzində filialın “Sosial iş” ixtisasının tələbələrinə Mərkəzin ayrı-ayrı sahələr üzrə göstərdiyi xidmətlərlə daha yaxından tanış olmalarına şərait yaratmaqdan ötrü, səyyar dərslər keçirilsin və paralel olaraq arzu edən tələbələr Mərkəzin könüllüləri hərəkatında fəal təmsil olunsun.

ADPU-NUN ŞƏKİ FİLİALININ “HUMANİTAR FƏNLƏR” KAFEDRASI NÖVBƏTİ LAYİHƏSİNİ ŞƏKİ REGİONAL ASAN XİDMƏT MƏRKƏZİ İLƏ BİRGƏ HƏYATA KEÇİRİB