- Details
- Dərc edilib: 16 Sentyabr 2026
- Oxunma sayı: 173
Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, yeni qəbul olunmuş tələbələr və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra filialın direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov çıxış edərək yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə professor-müəllim heyətini, tələbələri və onların valideynlərini təbrik edib. Direktor çıxışında ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahat və yeniliklərdən, ADPU-nun Şəki filialının bu prosesə töhfə verən kadr potensialından, məzunların əldə etdikləri uğurlardan bəhs edib, qarşıda duran əsas vəzifələrə diqqət çəkib. O, xüsusilə birinci tədris ili tələbələrinə təhsil həyatlarında uğurlar arzulayaraq, onların gələcəkdə ölkənin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Tədbirdə direktorun müşaviri, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rəsulov, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Firədin İbrahimov, elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev, Humanitar fakültənin dekanı, dosent Ulduz Mürşüdova, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Abdullayeva və Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək yeni tədris ili münasibətilə tələbələri və onların valideynlərini təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıblar.
Çıxışlarda müasir dünyada gedən sürətli dəyişikliklər fonunda gənclərin seçdikləri peşəyə dərindən yiyələnməsinin, daim öz üzərlərində işləməsinin, yeniliklərə açıq və müasir tələblərə uyğun kompetensiyalara malik olmasının vacibliyi vurğulanıb.
Tədbiri aparan tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva cari ilin tələbə qəbulu nəticələri və ixtisaslar üzrə keçid balları barədə məlumat verib. Bildirilib ki, cari qəbul ilində filialın mövcud ixtisasları üzrə keçid ballarında artım müşahidə olunub. Qəbul olunan tələbələrin böyük əksəriyyətinin 400-dən yüksək bal topladığı, onların arasında 500-dən çox bal toplayanların da olduğu diqqətə çatdırılıb. Həmçinin bir abituriyentin 614 balla ADPU-nun Şəki filialını seçdiyi qeyd olunub.
Sonda müxtəlif ixtisaslar üzrə ən yüksək bal toplayaraq filialın tələbəsi adını qazanan, eləcə də qəbul imtahanlarında 500-dən yüksək nəticə göstərən tələbələrə fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, cari ildə ADPU-nun Şəki filialına 11 ixtisas üzrə 253 nəfər tələbə qəbul olub.
Yeni qəbul olunmuş tələbələrin filialın fəaliyyəti, tədris prosesi və tələbə həyatı ilə yaxından tanış olmaları məqsədilə həftə ərzində fakültə dekanlıqları tərəfindən tanışlıq görüşlərinin keçirilməsi nəzərdə tutulub.
