- Details
- Dərc edilib: 18 May 2026
- Oxunma sayı: 21
Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında fəaliyyət göstərən İnklüziv təhsil mərkəzində “İnklüziv sinifdə müəllimin psixoloji rolu: qəbul, empatiya və münasibət” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlim mərkəzin rəhbəri, Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova tərəfindən keçirilib.
Təlimin məqsədi gələcəyin müəllimi olacaq tələbələrdə inklüziv düşüncə tərzinin formalaşdırılması, humanist dəyərlərin təşviqi və sağlam müəllim–şagird münasibətlərinin qurulmasına töhfə vermək olub.
Təlim zamanı inklüziv təhsildə müəllimin psixoloji yanaşmasının əhəmiyyəti, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı düzgün münasibətin formalaşdırılması, empatiya bacarıqlarının inkişaf etdirilməsi və sinif mühitində qəbul atmosferinin yaradılması kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb.
İnteraktiv formada təşkil olunan təlimdə maarifləndirici videoçarxlar nümayiş etdirilib, tələbələrlə müxtəlif praktik nümunələr əsasında fikir mübadiləsi aparılıb. Videomateriallar vasitəsilə müəllim yanaşmasının inklüziv təhsildə uşaqların sosial və emosional inkişafına təsiri xüsusi vurğulanıb.
