- Details
- Dərc edilib: 05 Noyabr 2026
- Oxunma sayı: 56
Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bir qrup müəllim və tələbəsi Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən kitab təqdimatı mərasimində iştirak ediblər.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin Qarabağ mövzusuna həsr olunmuş “Bir damla göz yaşında torpaq həsrəti” və “Laçın həsrətim” adlı kitabları təqdim olunub.
Təqdimat zamanı müəllif İradə Əlili vətənpərvərlik ideyalarının təbliğinin əhəmiyyətindən, Qarabağ həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasından bəhs edən məruzə ilə çıxış edib. Daha sonra müəllif iştirakçıların suallarını cavablandıraraq kitabların yaranma tarixçəsi və yaradıcılıq məqamları barədə fikirlərini bölüşüb.
Tədbirdə ADPU-nun Şəki filialının Humanitar fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının tələbələri Nərmin Paşazadə və Sona İsrafilova müəllifin şeirlərini səsləndiriblər. Filialın tələbələri müzakirələrdə və sual-cavab mərhələsində fəallıqları ilə seçilərək müəllifin yaradıcılığına və Qarabağ mövzusuna böyük maraq göstəriblər.
Tədbirin sonunda tələbələr İradə Əlili ilə xatirə şəkilləri çəkdiriblər. Müəllif isə gənclərin yaradıcılığına göstərdikləri maraqdan məmnunluğunu ifadə edərək onlara təşəkkürünü bildirib.
