- Details
- Dərc edilib: 22 May 2026
- Oxunma sayı: 86
Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2025-2026-cı tədris ilinin növbəti Elmi Şura iclası keçirilib. İclası filialın direktoru, Elmi Şuranın sədri dos.Vurğun Məmmədov acaraq, Şura üzvlərini iclasın gündəliyi ilə tanış edib və bildirib ki, Elmi Şuranın illik iş planına uyğun olaraq, bügünkü iclasda 4 məsələnin müzakirəsi nəzərdə tutulub. Gündəlik səsə qoyulub və təsdiq edilib.
2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında tədris işləri üzrə direktor müavini, dos.Gülarə Abdullayeva geniş hesabatla çıxış edib və bildirib ki, ali təhsil müəssisələrində tələbələrin imtahan sessiyalarının təşkili və keçirilməsi haqqında təlimat və qaydalara uyğun olaraq, filialda yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri başa çatdırılıb. İmtahan cədvəlləri hazırlanıb, imtahan qərargahı, imtahan və apellyasiya komissiyalarının yaradılması, imtahanlara nəzarət qruplarının formalaşdırılması nəzərdə tutulub, imtahan sessiyasının uğurla başa çatdırılması üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcək.
IV və V tədris ili tələbələrinin buraxılışa hazırlığının vəziyyəti haqqında məlumat verən dos.Gülarə Abdullayeva qeyd edib ki, filialın 9 ixtisas üzrə buraxılış kurslarının tələbələri 2026-cı ilin fevral ayının 16-dan etibarən Şəki şəhərindəki müxtəlif müəssisələrdə - “ASAN Xidmət” mərkəzində, Şəki Rayon/Şəhər Məhkəməsində, məktəbəqədər müəssisələrdə və ümumtəhsil müəssisələrində pedaqoji və istehsalat təcrübələri keçirlər, hazırda təcrübə müddəti başa çatmaq ərəfəsindədir. Təcrübə işləri təlimat və qaydalara uyğun yüksək səviyyədə təşkil olunub.
Filialda keçirilmiş, TEC-in XIX elmi konfransının nəticələri haqqında elmi işlər üzrə direktor müavini dos.Nuralı Çələbiyev hesabatla çıxış edib. O qeyd edib ki, TEC-in illik iş planına uyğun olaraq, 7-8 may 2026-cı il tarixlərində filialda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş XIX tələbə elmi konfransı keçirilib. Konfransa hazırlıqla əlaqədar 2026-cı ilin mart ayında direktorun əmri ilə Təşkilat komitəsi yaradılıb. Kafedralar xətti ilə Təşkilat komitəsinə filialda 10 ixtisas üzrə təhsil alan 92 nəfər tələbənin elmi tədqiqat işi təqdim olunub, konfransın proqramı hazırlanıb. Konfrans 07 may 2026-cı il tarixdə açılış mərasimi ilə işə başlayıb və 07-08 may tarixlərində öz işini 5 bölmədə davam etdirib. Ən yaxşı tələbə elmi işləri bölmə komissiyaları tərəfindən dəyərləndirilib və müvafiq dərəcəli diplomlarla mükafatlandırma üçün təqdim edilib. Hazırda tələbələrin mükafatlandırılması məqsədilə hazırlıq işləri aparılır.
2025-2026-cı tədris ilində filialda keçirilmiş fənn olimpiadalarının yekunları haqqında filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova hesabat verib və qeyd edib ki, tədris ili ərzində filial tələbələri arasında çoxsaylı müsabiqələr, bilik yarışmaları və fənn olimpiadaları keçirilib, qaliblər münsiflər heyətinin rəyi əsasında müəyyənləşdirilib və mükafatlandırılıb.
Elmi Şura iclasında bir sıra cari məsələlər müzakirə edilib.
Müzakirələrdə dos.Vurğun Məmmədov, prof.Firədun İbrahimov, dos.Gülarə Abdullayeva, dos.Nuralı Çələbiyev, dos.Rafiq Rasulov, dos.Ulduz Mürşüdova çıxış edərək, öz mülahizə və təkliflərini bildiriblər.
Elmi Şurada müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.













