Oktyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayevanın təşkilatçılığı ilə maraqlı layihə həyata keçirilib. Layihə çərçivəsində “Cizgi filmləri və nağılların 3-5 yaşlı uşaqların inkişafında rolu” adlı tələbə elmi-praktik konfransı təşkil edilib. Filialın müəllim və tələbələrinin iştirak etdiyi konfransı elmi işlər üzrə direktor müavini p.ü.f.d., dos.Nuralı Çələbiyev giriş sözü ilə açaraq, qoyulmuş mövzunun aktuallığını qeyd edib. Nuralı Çələbiyev cizgi filmləri və nağılların psixoloji tərəflərinin elmi əsaslarla, yaşa müvafiq qaydada seşilməsinin vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Baş müəllim Səadət Feyzullayeva çizgi filmləri, nağıl qəhrəmanları və oyuncaqlara verilən müasir tələblərdən danışıb, onların uşaqların təfəkkürünün, sosial intellektinin formalaşmasında böyük rola malik olduğunu qeyd edib.
Sonra “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının tələbələri: Rəvanə Bayramovanın ““Tıq-tıq xanım” nağılının müasir baxışdan təhlili”, Aişəgül Pirimovanın “Cizgi filmlərinin 3-5 yaşlı uşaqların inkişafına təsiri”, Səbinə Mustafabəylinin “Uşaqların inkişafında əmək tərbiyəsinin və yaradıcılıq işlərinin rolu”, Fəridə Hüseynovanın “Kukla teatrı”, Fərqanə Hacı-Xəlilovanın “Oyuncaqlar” mövzusunda çıxışları dinlənilib. Çıxışlar başa çatdıqdan sonra həmin ixtisasın tələbələri oyuncaqların müxtəlif texnikalarla hazırlanma qaydalarını nümayiş etdiriblər.
Konfransın sonunda pedaqoji fakültənin dekanı, fil.ü.f.d., b.m. Xalidə Abdullayeva yekun nitqi ilə çıxış edərək, konfransın praktik əhəmiyyətini vurğulayıb, təşkilatçılara və tələbələrə təşəkkürünü bildirib. Konfrans başa çatdıqdan sonra layihənin davamı olaraq, filialın “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının tələbələri tərəfindən hazırlanan “Şəngülüm, şüngülüm, məngülüm” kukla teatrı nümayiş etdirilib. Qeyd edək ki, bu, filialın tarixində ilk dəfə olaraq təşkil edilib.
Layihə çərçivəsində təşkil olunan “İkici həyat” - oyuncaqlar sərgisi böyük marağa səbəb olub. Sərgidə “Məktəbəqədər təlim və tərbiyə” ixtisasında təhsil alan tələbələrin yumşaq, aplikasiya və təbii materiallardan hazırladıqları əl işləri - oyuncaqlar nümayiş etdirlib.
Sərgi noyabrın 1-nə kimi davam edəcək. Sonda sərgiyə ən yaxşı iş təqdim edən tələbələrin mükafatlandırılması və konfrans iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulur.
Kukla teatrı və sərginin videoyazısı ADPU-nun Şəki filialının yutub kanalında yerləşdiriləcək.





001002003
fondeduadpubir

VKkj