Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) və Gənc Xarici Dil Müəllimləri Birliyinin (GXDMB) təqdimatı məqsədilə tədbir keçirilib. Tədbirdə ADPU-nun Şəki filialının müəllim və tələbələri, Şəkinin ümumtəhsil müəssisələrinin gənc müəllimləri, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Afər Məmmədova, AGMA-nın Zəngilan rayonu üzrə koordinatoru və GXDMB-nin sədri Günay Əkbərova, AGMA-nın Şəki rayonu üzrə koordinatoru Gülnar Əliheydərova iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermis şəhidlərin xatirəsi sükutla yad edilib. Qeyd olunub ki, təqdimat görüşü çox əlamətdar bir dövrə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin və Müstəqillik Gününün qeyd olunduğu dövrə təsadüf edib. Tədbirdə Günay Əkbərova AGMA haqqında məlumat verərək bildirib ki, assosiasiya bir gənc müəllimin təşəbbüsü ilə 2018-ci ildə yaranmış və 2020-ci ildən dövlət qeydiyyatına alınıb. AGMA gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradan, müsbət gənc müəllim imicinin formalaşmasına, bu imicin təbliğ olunmasına təsir edən, pedaqoji istiqamətdə təhsil alan tələbələrdən başlayaraq, gənc müəllimlərin ehtiyaclarını müəyyənləşdirməklə müvafiq inkişaf xəritəsi ilə böyüyən, vahid idarəetmə sisteminin tətbiq olunduğu qurum olub, məqsədi təhsildə innovasiyalarla bağlı gənc müəllimlər arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə dəstək verməkdən ibarətdir. Assosiasiyaya respublikamızın müxtəlif bölgələrindən olan gənc müəllimlərin üzv olduğunu bildirən G.Əkbərova qeyd edib ki, assosiasiya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi başda olmaqla, bir sıra qurumlarla əməkdaşlıq edir. 2022-ci ilin dekabr ayından etibarən bir qrup gənc müəllimin təşəbbüsü ilə müxtəlif fənlər üzrə gənc müəllimlər birlikləri yaradılıb. Bu birliklərdən biri də Gənc Xarici Dil Müəllimləri Birliyidir. Birliklər AGMA-da birləşərək, daha çox spesifik sahələrə çatmaq üçün müvafiq layihələr icra edirlər.
Sonra AGMA-nın Şəki rayonu üzrə koordinatoru Gülnar Əliheydərova agma.az saytının təqdimatını edərək, tədbir iştirakçılarını saytın bölmələri və onlardan istifadə qaydaları ilə tanış edib. Tədbirdə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Tədbirin sonunda ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Afər Məmmədova çıxış edərək, AGMA-nın gənc müəllimlərin innovativ bacarıqlara daha yaxşı yiyələnmələrində, əməkdaşlıq imkanlarının genişlənməsində və peşəkarlıqlarının artırılmasında mühüm rol oynayacağını bildirib və təqdimat üçün təşəkkür ediblər.





001002003
fondeduadpubir

VKkj