- Details
- Dərc edilib: 26 Sentyabr 2025
- Oxunma sayı: 1119
Sentyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının rəhbərliyi, professor-müəllim heyətinin və tələbələrinin bir qrupu Şəki şəhərindəki Şəhidlər Xiyabanını, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının abidələrini ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri qoyublar Sonra filialın akt zalında 27 Sentyabr – Anım Gününə həsr olunmuş seminar keçirilib.
İştirakçılar əvvəlcə foyedə şəhidlərə həsr olunmuş sərgiyə baxıb, şəhidlərin ailə üzvləri və qazilərlə xatirə şəkilləri çəkdiriblər. Seminarda filialın rəhbərliyi, müəllim və tələbələri, şəhid anaları, Vətən Müharibəsi qazisi Qaçay Abdullayev iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminarda Ümummilli Lider Heydər Əliyevin və Vətən Müharibəsində şəhid olmuş soydaşlarımızın əziz xatirəsi sükutla yad edilib, sonra isə Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Seminarı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, 27 Sentyabr - Anım Günü xalqımızın və ölkəmizin tarixində unudulmaz günlərdəndir, Vətən Müharibəsində zəfərə aparan yolun başlanğıcıdır. Bu gün eyni zamanda 2020-ci ilin 27 sentyabrından noyabrının 10-dək davam edən II Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda ağır döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsinin anım günüdür. Seminarda filialın Humanitar fənlər kafedrasının baş müəllimləri Həbibullah Manaflı “Vətən müharibəsində əldə olunan zəfərin tarixi əhəmiyyəti”, Mirvari Eminova “44 gün: Vətən Müharibəsinin tarixləşən zəfəri”, Elnarə Cabbarova “Zəfərə aparan yol 27 Sentyabr - Anım Günündən keçir” mövzularında çıxış ediblər.
Tədbirdə iştirak edən şəhid anaları - şəhid Cavidan Məmmədlinin anası Ruhəngiz İsmayılova, şəhid Məmmədiyyə Cabbarzadənin anası Zöhrə Cabbarzadə, şəhid Şahmar Soltanlının anası Gülxar Bədirova, şəhid Əlihüseyn Məmmədovun anası Ruhangiz İsmayılova çıxış edərək övladları haqqında xatirələrini bölüşüblər.
Vətən Müharibəsi qazisi Qaçay Abdullayev öz döyüş yolundan bəhs edib, qazanılmış zəfərin tarixi əhəmiyyətindən danışıb.
Seminar filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayevanın yekun nitqi ilə başa çatıb. Natiq tədbirdə iştirak edən şəhid analarına filialın rəhbərliyi adından dərin təşəkkürünü bildirib, şəhidlərin qəhrəmanlıq yolunun indiki və gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb, onların heç vaxt unudulmayacağını qeyd edib.